www.science.az
17.08.2014 00:00

Cavad Heyətin varlığı

Rafael Hüseynov

 

Həyatının 90-cı ilində böyük azərbaycanlı doktor Cavad Heyətin Vətən və millət məhəbbəti ilə dolu ürəyi dayandı.

Ömrü boyu onun işi ürəklə olmuşdu. Nə iş görmüşdüsə, ürəklə görmüşdü və təməl peşəsi olan həkimlikdə də əsas sahəsi ürək idi.

Hələ cavan yaşlarından misilsiz bir ürək cərrahı kimi dünyada məşhurlaşmışdı. Lakin tale ona daha ali bir missiyanı - millətinin ürəyinin və xalqının ruhunun müalici olmaq vəzifəsini də həvalə edibmiş.

Belə insanların isə ürəyi heç vaxt dayana bilməz.

 

Sənəti ürəklərə şəfa vermək olan doktor Cavad Heyət, əslində, öz ürəyinin salamatlığının da çarəsini irəlicədən həll edibmiş.

 

O öz könlünü tükənməz bir enerji qaynağına - bütöv millətinin və qövmünün qəlbinə bənd etmişdi: ora güc verirdi, oradan güc alırdı.

Azərbaycan, türk dünyası naminə yaratdığı dəyəri sözə sığmaz əsərləri və əməllərində Cavad Heyətin qəlbi, əlbəttə ki, hələ bundan sonrakı çox zamanlar boyu çırpınmaqda davam edəcək.

Həssas vətənpərvər Bəxtiyar Vahabzadə köhnə dostu Cavad bəyin timsalında bir məslək, əqidə qardaşını görür, Heyətin ucalığına belə heyrətlənirdi:

 

İnsana xidmətdir məramın sənin,

Sən ömrün boyunca ömr uzatmısan.

Cərrah bıçağıyla min-min xəstənin

Ağrı-acısını kəsib atmısan.

 

...Bu xalqın mənəvi ağrılarına

Əlacı, qardaşım, qələmdə gördün.

Gündüzlər bıçaqla kəsmək bir yana,

Gecələr əlinə qələm götürdün.

 

...Gecə də, gündüz də hey döyüşdəsən,

Mənəvi, cismani ağrılarla sən.

Həkim nüsxələri yazdın həmişə,

Xəstə şəfa tapıb sağaldı... fəqət,

 

Ədib qələmiylə yazdığın nüsxə

Bir xalqın dərdinə şəfadır, əlbət!

 

Dünya boyu səpələnmiş, sayı 50 milyonu aşan azərbaycanlıların arasında bu gün böyük şəxsiyyətlər, Azərbaycanın adını yüksəldən müstəsnalar az deyil.

Lakin müasirimiz, bizimlə eyni günlərin içərisində yaşamış canlı klassik, ömrünün axırınadək mütəfəkkir zəkasının siqlət və sərrastlığını saxlayaraq xalqı üçün faydalı işlərini yerinə yetirməkdə davam edən Cavad Heyəti heç kəslə müqayisə etmək mümkün deyil.

 

O, birincilərin birincisi idi.

O, yalnız Vətəni Azərbaycanın, ata yurdu İranın, min bir tellərlə bağlı olduğu Türkiyənin deyil, bütün dünyanın vətəndaşı olan nadir insanlardan idi. Çünki böyük yolunun başlanğıcında həkimlik sənətini seçmişdi və bu peşə sahibinin də ali vəzifəsi insana xidmət, insan həyatını hifz etməkdən ibarətdir. Lakin ömrü uzunu beynəlmiləlçi, insançı qala-qala doktor Cavad Heyət təpədən-dırnağa qədər vətənpərvər, millətsevər olmağı da bacardı, xalqının mənəviyyatı ilə bağlı dəyərləri qorumaq, yaşatmaq amalına hər an sədaqət göstərdi və həm də bu etibarlılığını bir-birindən qiymətli əsərləri, yorulmaz fəaliyyətləri ilə sübut etdi.

Belə Vətən və millət aşiqi olan, həm də bu təhər nəhəng işlər görməyi bacaran, bu sayaq zəngin bilik və qabiliyyətlərə sahib, bunca qüdrətli, epoxal şəxsiyyət bir də nə zaman yaranacaq?

Ümumən ikinci belə bir şəxsiyyətin yetişəcəyi ağlasığmazdır.

Fərdi keyfiyyətlərdən savayı, içərisindən adlanmış mürəkkəbdən-mürəkkəb, dünya tarixinin ən təlatümlü, ən tərəqqili, ən enişli-yoxuşlu, nəsilləri fərqli bir əsrə yaxın zaman parçası da var axı!

İnsanları, şəxsiyyətləri, hadisələri, mühiti ilə bu dövr bir daha təkrarlanmayacaq!

Əsl yurdsevərin, əsl millətpərvərin kimliyi Vətən və xalq taleyinin qəliz sınaqları əsnasında, tarixi darmacallarda ortaya çıxır.

Qaldırın yaxın keçmişimizi, arayın ki, 1990-cı ilin əvvəllərində bir sıra xarici qüvvələrin dəstəyi və yönəltməsi nəticəsində Ermənistanın əli ilə Azərbaycan torpaqları işğal ediləndə, yüz minlərlə soydaşımız müsibətlərə düçar qoyulanda dünyada məşhur olan azərbaycanlılardan hansı biri Cavad Heyət kimi mərd-mərdanə köksünü irəli verdi, bizi onun kimi canıyananlıqla, milli təəssübkeşliklə müdafiə etdi, dünyanı və qardaş ölkələri qətiyyətlə Azərbaycana arxa durmağa, yardım etməyə çağırdı?!

Bu, Cavad Heyətin həmin cəhdlərindən bircəsidir. Doktor 1993-cü il noyabrın 21-də qəlbi qanaya-qanaya Türkiyə Cümhuriyyətinin Prezidenti, 50 ildən bəri tanıdığı, yaxın münasibətlərdə olduğu cümhur başqanı Süleyman Dəmirələ açıq məktubunda belə yazırdı: “Bu gün Arazın quzeyindəki dindaş və soydaşlarımız, yəni azəri qardaşlarımız tarixdə az rastlaşdığımız bir faciə və soyqırımına məruz qalmışlar, həm də böyük bir millət və ya güclü bir dövlət tərəfindən deyil, bütün tarix boyu himayəmiz altında yaşayan və ədalətimiz sayəsində bütün insani haqlardan faydalanan ermənilər tərəfindən! Təbiidir ki, onların belə azğınlıq və cinayətə təşəbbüs və cəsarət göstərmələrinə səbəb bütün müsəlmanların, ələlxüsus türklərin düşməni olan bugünkü böyük dövlətlərin dəstəkləri və yardımları olmuşdur.

Belə bir durum qarşısında müsəlman dünyasının, Türkiyə və İran İslam Cümhuriyyətinin və uluslarımızın vəzifə və məsuliyyətləri nə ola bilər?

Bu məzlum, silahsız, ordusuz və əsarətdən yenicə çıxmış qardaşlarımızı yalqızmı buraxmalıyıq?

Bu sətirləri göz yaşlarımın qabağını ala bilmədən yazıram. Və bu anda Allah-taaladan xalqımıza qurtuluş, ya da özümə ölüm diləyirəm. “Əl-mövt xeyrun min rüku billari”, yəni - “Ölüm zillət çəkməkdən yaxşıdır” (İmam Hüseynin Aşura günü Kərbəla meydanında şəhid olmazdan qabaq söylədiyi sözlərdir).

Bu gün mənim əlimdəki qələm-kağız və quru nəfəsimdən başqa bir şeyim yoxdur, onları da məzlum xalqımızın yolunda sevə-sevə verməyə razıyam. Bilirəm ki, bu gün xalqımın qələmdən çox süngüyə ehtiyacı vardır.

Ciddi ölüm təhlükəsində qalan məzlum azəri qardaşlarımızın yardımına qalxın!”

Bu gün bu sözləri demək, bəlkə də, asandır. Amma o vaxt heç bir siyasət adamı, ictimai şəxs bu cür kəskin tonda danışmırdı. Bu məktub-bəyanat həm də bu qəbil başqa çağırışların yaranmasına meydan açırdı, yatmışları oyadan həyəcan təbili idi.

Adətən, siyasi mövzularda həmişə ehtiyatla yazıb-danışan Cavad Heyət bu müraciətində ona dəyə biləcək istənilən zərbəyə rəğmən sinəsini irəli vermişdi.

Bunca fədakarlığı unutmaq olarmı!

 

Belə bir VƏTƏNDAŞLA ayrılığın acısı bu gün hər bir qaçqınımızın, köçkünümüzün, yurddaşımızın evində ən içdən gələn məhəbbətlə yaşanmasa, biz nankor olardıq!

lll

Çoxcəhətli, çoxistiqamətli biliklər yiyəsi Cavad Heyətin mükəmməl bildiyi elm sahələrindən biri də ilahiyyat, islamşünaslıq idi və o, bu sahədə müqayisəsiz üstünlüyə malik idi. Təbii ki, bunca üstün islamşünasdan ötrü Məkkə də, Mədinə də ən müqəddəs şəhərlər idi. Lakin dünyanı və özünü dərk etdiyi çağlardan ailəsinin ona aşıladığı və özünün dərk etdiyi başlıca meyarlardan biri bu olmuşdu ki, Təbrizlə Bakı onun Məkkəsi ilə Mədinəsidir.

1925-ci il mayın 23-də Təbrizdə doğuldu, 2014-cü il avqustun 12-də Bakıda əbədiyyətə qovuşdu.

Cavad Heyət Azərbaycan Respublikasının vətəndaşı deyildi. Lakin o, dünyasını dəyişəndə dövlət səviyyəsində ilk vida sözləri Bakıda yayıldı və həmin ehtiram dolu mətnin altındakı ilk imza da dövlətin birinci şəxsinin, ölkə Prezidentinin imzası idi.

Bircə bunun özü Cavad Heyətin nə qədər fövqəladə, Azərbaycandan ötrü nə qədər mühüm şəxsiyyət olmasından deyir.

Cavad Heyət elə bir ailədə doğulmuşdu, elə nəsillərin və elə ocağın övladı idi ki, onun biliklə, kitabla, yüksək əxlaqi dəyərlərlə bağlı olması labüd idi.

Bir dəfə ondan soruşmuşdum ki, siz artıq ustadlar ustadısınız, ömrünüzdən də çox müəllimlər keçib. Bu qədər zəngin biliklər əldə edəndən sonra həyatınızdakı müəllimlərdən hansını göz önünə gətirərkən yenə özünüzü şagird məqamında təsəvvür edirsiniz?

Cavab vermişdi ki, sözün bütün mənalarında mənim ən birinci müəllimim atam olub. Həm əvvəlinci, həm də ən baş mənasında.

Cavad Heyətin atası Mirzə Əli Heyət Təbriz məhkəməsinin ilk sədri, İranın ədliyyə naziri, senator, kamil bir alim imiş. Anasının atası Hacı Mirzə Məhəmməd də dövrünün ən sanballı müctəhidlərindən biri imiş və Nəcəfə təhsil almağa getməzdən öncə o, gələcək kürəkəni Mirzə Əli Heyətin müəllimi olmuşdu.

Mirzə Əli Heyət el-oba arasında da, ali dövlət dairələrində də savadına, dünyagörüşünə, ədalətliliyinə, düzgünlüyünə görə sözü keçən, sayğı bəslənən ziyalı idi. 1930-40-cı illərdə İranda ölkədaxili və vacib xarici səfərlər əsnasında təşkil edilən mötəbər nümayəndə heyətlərinə mütəmadi başçı təyin edilən Mirzə Əli elə bu səbəbdən “Heyət” təxəllüsünü qazanıbmış və sonra həmin kəlmə çevrilir onların soyadına.

Mirzə Əli Heyət on övladının onuna da yaxşı tərbiyə və təhsil verməyə səy etmişdi, amma nədirsə, elə yeniyetməlik çağlarından Cavada bəslədiyi ümidlər daha məxsusi imiş.

Tehranda ali tibb təhsili alan Cavadı atası üçüncü kursdan sonra oxumağını davam etdirmək üçün Türkiyəyə göndərməyi qət edir. O zaman İranla Türkiyə arasında 100 tələbə mübadiləsi haqda bir anlaşma imzalanıbmış. Lakin müəyyən səbəblərdən bu layihənin gerçəkləşməsi ləngiyirmiş və Cavad atasına müraciət edir ki, tələbə dostlarımdan təhsili davam etdirmək üçün Beyruta gedənlər var, bəlkə, icazə verəsiniz, mən də gözləməyim, elə onlara qoşulub gedim.

Atası etiraz edir ki, oğlum, gün gələcək, sən Parisə də gedəcəksən, Amerikaya da. Mənim imkanım olsaydı, səni Türkiyəyə yox, Bakıya göndərərdim. Amma arada dəmir pərdə var. Türkiyəyə getməyini ona görə arzulayıram ki, yalnız tibbi deyil, həm də gedib öz dilini, mədəniyyətini, tarixini bir az da dərindən öyrənəsən.

Ömrün ixtiyar mərhələsində bütün nail olduqlarına vaxtın hündürlüyündən baxan Cavad Heyət atasının bu strateji məqsədli addımına görə ona sonsuz dərəcədə borclu olduğunu rəhmətlərlə dilə gətirirdi. Minnətdarlıqla söyləyirdi ki, məhz Türkiyədəki təhsil dövründə axarında olduğu elmi ab-hava, oxuduğu kitablar, oturub-durduğu alimlər, təmas bağladığı ziyalılar təbib olduğu halda, onun həm də bir türkoloqa, azərbaycanşünasa çevrilməsinə möhkəm, sağlam özül yaratdı.

“Atam davranışlarında, danışığında, insanlara münasibətlərində, əməllərində istisnasız olaraq həmişə səbirli, nəzakətli, tədbirli, düz, ölçü gözləyən, səliqəli bir kişi idi. Yalnız adam arasında olanda deyil, lap evdə, otaqda tək qalanda da belə idi. Bu onun təbiəti idi”.

Gecə saatlarında doktor Cavad Heyətin artıq yadigara çevrilmiş, 2008-ci ildə lentə aldığım söhbətini dinləyirəm, aramla ömür hekayətini söyləyir, məni ayrı bir aləmə aparır və dinləyə-dinləyə fikirləşirəm ki, axı o özü də belə idi.

 

Kübarlığın, alicənablığın, nazikliyin qüsursuz nümunəsi idi.

Haçağ evinə görüşünə getdimsə, lap sağlığının son aylarınacan - hərdən xəstə, üzgün, yorğun olduğu vaxtda da məni səliqə ilə geyinmiş halda, kostyumda, qalstukda, beretdə, sifətinin mehriban ifadəsi ilə qarşıladı.

 

Məni və hər kəsi.

Cavad Heyət böyük alim olmaqla bərabər, böyük də insan idi, tərbiyəliliyin, əsilzadəliyin ibrət alınası örnəyi idi.

Elə bir örnək ki, ona oxşamağa çalışmaq olur, lakin tam o cür olmağa heç də həmişə, azı, səbrin çatmır. Tam o cür ola bilməkçün gərək həmin keyfiyyətləri, yerinə yetirməli olduğun şərtləri sadəcə qəbul etməyəsən, onları doktor kimi, onun atası sayaq məhz öz təbiətinə çevirəsən.

“Atam müasir düşünən, açıq fikirli bir şəxs idi. Amma eyni zamanda etiqadlı, imanlı bir insan idi, əxlaqən ruhani idi, namaz qılardı, içki içməzdi. Hər kəs də bunu bilirdi. Bir dəfə İranın Baş naziri doktor Əli Əmini bizə qonaq gəlmişdi. Atam da, qardaşlarım da bizdə idilər. Süfrə açılmışdı. Bilirdik ki, Əli Əmini içkiyə biganə deyil. Yaxınlaşıb qulağına pıçıldadım ki, atamızın yanında sizə içki təklif edə bilmərik. Amma qonşu otaqda viski hazırlamışıq, istəyirsinizsə, buyurub keçin, orada nuş edin. O da qayıtdı ki, yox, mən də ağa-yi Heyətin yanında içmərəm.

 

Atamın bu qədər hörmətini saxlardılar”.

Bunlar da doktor Cavad Heyətin xatirələrindəndir və onun hansı ailə məktəbindən keçərək yetişməsinin daha bir cizgisidir.

Orta məktəbdən sonra Cavad bəy hərbi liseyə daxil olubmuş və öz söyləməsinə görə, orada da birinciymiş. Amma hiss edir ki, hərb onun tutub gedəcəyi yol deyil, səmtini təbabətə dəyişir.

Lakin ailə tərbiyəsindən və həmin ilk hərbi təhsilindən gələn sərt daxili intizam sonacan Cavad Heyətlə qaldı.

Son dövrlərdə Bakıda yaşayırdı, arada Tehrana gedib-gəlirdi. Hər gedəndə mütləq zəng vururdu ki, filan gün yola düşürəm, hər qayıdanda mütləq telefon açırdı ki, geri dönmüşəm. Bunlar elə xüsusiyyətlərdir ki, onları öyrətmək olur, gərək belə bir intizam, dəqiqlik, sahman, səliqə canında ola. Daxilində belə bir dəqiqlik və intizam nəbz kimi vurduğundandır ki, Cavad Heyət bu qədər çox, bu qədər faydalı və bir-birinə bənzəməyən ciddi işlər görməyə müvəffəq olub.

1946-cı ildə İstanbulda tibb təhsilini başa vurduqdan sonra 3 il cərrahlıq üzrə təcrübə, daha sonra isə Parisdə daha 3 il bu yöndə təkmilləşmə keçmişdi. İrana qayıdıb işə başlamışdı, amma daha çox öyrənmək, bir az da kamilləşmək istəyi onu yeni yolçuluqlara səfərbər etmişdi. Amerikada müxtəlif klinikalarda çalışmışdı, Danimarkada, Kopenhagendə işləmişdi.

İranda bir sıra iri xəstəxanaları quran, böyrək dəyişdirilməsi, açıq ürək əməliyyatları və sair möcüzə kimi görünən bir çox başqa təbabət hünərlərini ilk dəfə göstərən Cavad Heyət olub. Onun “Ümumi cərrahlıq”, “Cərrahiyyə dərsləri” kitabları, təbabətin müxtəlif çətin məsələlərinə aid bolluca təcrübə və təhlillər əsasında qələmə alınmış 100-dək araşdırma-məqaləsi sərrast müşahidələriylə, elmdə yeni söz olan tapıntılarıyla seçilir.

Ensiklopediklik, universallıq orta əsr alimlərinə xas keyfiyyətlərdən imiş. Həm Şərqdə, həm Qərbdə. Bizim dövrdə isə nəinki müxtəlif elm sahələrində, hətta bir elm sahəsinin özündə belə onun müxtəlif istiqamətlərinə dərindən bələd olan mütəxəssislərə seyrək rast gəlinir.

Cavad Heyətsə həm də mükəmməl bir tarixçi, ədəbiyyatşünas, folklorçu, dilçi, filosof, mədəniyyətşünas, ilahiyyatçı idi. Bu istiqamətlərin də hər birinə aid köhnəlməz, masaüstü olmağa layiq əsərlərin müəllifidir.

Orta əsr Şərq şairinə, aliminə çoxdillilik də xas olub. Şairlərimizin, filosoflarımızın əksəri orta əsrlərdə üçdilli olub, farsca, ərəbcə, türkcə yazıb-yaradıb. Cavad Heyət bu baxımdan da klassik babaların müasir zamana uyğun davamçısı idi. Azərbaycan dilini, Türkiyə türkcəsini, farscanı, ərəbcəni ana dili kimi bilirdi, eyni zamanda, fransızcası, ingiliscəsi sərbəst idi. Və danışdığı dillərin hər birində də əsərləri var.

Onun necə qabil bir cərrah olması haqqında çoxları yazıb, söyləyib. Lakin o rəylər içərisində ikisi mənimçün ən mötəbərdir. Onlardan biri məşhur amerikan cərrahı, 1967-ci ildə dünyada ilk ürəkdəyişmə əməliyyatını aparmış Kristian Barnarda, digəri isə müasir İranın Amerika və Avropada da yetərincə məşhur, oralarda da çox işləmiş cərrahlarından biri Məhəmmədhüseyn Mandeqara məxsusdur.

Birincini professor Barnardın əlyazmasından oxumuşam, ikincini şəxsən professor Mandeqarın özündən eşitmişəm.

K.Barnard Keyptaunda onun yanında təcrübə keçmiş Cavad Heyətə vətənə yola düşməyə hazırlaşarkən İranda gələcəkdə ürək cərrahiyəsi işinin daha yaxşı qurulması üçün köməkliklər göstərməsindən ötrü şaha bir məktub göndərmək istəyir. Cavad Heyətə deyir ki, özün haqqında mənim adımdan bir zəmanət məktubu yaz, imzalayım.

Cavad Heyət xəsis cümlələrlə çox təvazökar bir mətn yazır. K.Barnard alıb baxır, başını bulayır, bəyənmir. Qələmi götürüb özü təzədən yazır. Məktubun surəti doktor Heyətdə qalmışdı: “İran iftixar edə bilər ki, onun belə istedadlı, qeyri-adi intuisiyalı, əsl qızıl əlli, dünya səviyyəli cərrahı var”.

M.Mandeqar isə Tehranda öz iş otağında Cavad Heyətin rəfdəki fotosunu göstərərək gülümsündü: “Doktor İrandakı ürək cərrahlığının atası olmaqdan daha artıq bizim mürşidimizdir, daimi ustadımızdır. Bəlkə, mindən çox ürək əməliyyatı etmişəm, yenə yeri gələndə onun məsləhətinə ehtiyacımız var”.

Cavad Heyətin mahir cərrah barmaqları çox ürəklərə çox tikişlər vurdu. Bununla ayrı-ayrı insanların ömrü uzandı, ayrı-ayrı şəxslər nicat tapdı. Ancaq o, bir millətşünas kimi xalqının yaralarına tikiş vururdu, onun mədəniyyətinin, ədəbiyyatının, dilinin, tarixinin dünənindəki cüda düşmüş tikələri, parçaları bərpa edir, bir-birinə calayır, tikişlər vurur və bu yolla bütöv millətin mərəzlərini sağaltmağa çalışırdı.

 

2011-ci ildə Cavad Heyət seçmə əsərlər

indən ibarət növbəti kitabını nəşrə hazırlayırdı. Əlyazmanı verdi ki, gözdən keçirim və kitabın adı barədə düşünməyimi də təvəqqe etdi. Müxtəlif illərin məhsulu olan bir-birindən qiymətli həmin məqalələri oxuyandan sonra təklif etdim ki, kitabın ünvanı “Dilimiz, ədəbiyyatımız və kimliyimiz uğrunda” olsun. Doktor razılaşdı.

 

Əslində, həmin sərlövhə tək o kitabın yox, Cavad Heyətin bütün yaradıcı və ictimai fəaliyyətlərinin devizi sayıla bilərdi.

Doktorun bir dəfə mənə gənclik illəri ilə bağlı söylədiyi xatirəsi təsdiq edir ki, ondakı coşqun milli qeyrət duyğusu təfəkkürünün yetərincə şəkilləndiyi, biliklərinin artdığı, millətçi qayəsinin başlıca istiqamətlərinin müəyyənləşdiyi yetkinlik çağlarından xeyli əvvəl də varmış, bu elə onun iliyinədək hopmuş bir məziyyət imiş.

 

Hadisə vaqe olanda Cavad bəy 19 yaşındaymış.

Əslən Qafqaz türklərindən olan, sonralar Məşhəddə yaşayaraq xeyli dəyişmiş, neçə illər də Tehranda məskun olaraq təhsil aldıqdan sonra öz gerçək milli kökündən lap aralanmış bir cavan türklərin ünvanına çox həqarətli sözlər danışıbmış. Cavad bəy bunu eşidincə tapır həmin adamı, “filan qələti eləmisən” deyir. Tanınan idmançı, güləşçi olan həmin şəxs bir az da gücünə qürrələnərək bu ucaboy, arıq oğlanın qarşısından qaçmır, “demişəm, əcəb eləmişəm” söyləyir. Cavad bəy söz elə oğlanın ağzından çıxan kimi onu götürüb çırpır yerə, çökür sinəsinə, başlayır döyməyə. Ətrafdakılar adi bir adamın kəlləmayallaq elədiyi, hamının gözü qarşısında biabır olmuş çempionu Cavadın əlindən zorla alıb ayırırlar onları.

Yaşı səksəni ötmüş Cavad Heyət yada salır və təəccüblənirdi: “Gəncliyimdə güclü olmağına güclü idim. Amma o, peşəkar idmançı idi, fənd, yol bilirdi, məndən də canlı idi, bilmirəm necə oldu onun öhdəsindən gəldim”.

Necə yəni necə! Bu həmin vulkan kimi püskürə bilən millət eşqidir ki, lazım gələndə insanı yalın əllə tankın da üstünə şığıda bilir!

Və o təpər, o qırım ömrü boyu Cavad Heyəti tərk etmədi.

XX əsrdə o taylı-bu taylı Azərbaycanın 4 dərgisi olub ki, onlar milli düşüncənin formalaşmasında, bütövlükdə millət quruculuğunda möhtəşəm izlər buraxmışdır.

XX əsrin əvvəllərində Mirzə Cəlillə Ömər Faiq Nemanzadənin “Molla Nəsrəddin"i, Əli bəy Hüseynzadənin “Füyuzat"ı, XX yüzilin ortalarında Anarın “Qobustan"ı və Cavad Heyətin 1979-cu ildən üzü bu yana sıralanan “Varlığ"ı.

Bu misraları Məhəmmədhüseyn Şəhriyar elə “Varlıq” dərgisinin ilk sayları oxucuyla görüşəndə riqqətə gələrək yazıb:

Hərçənd, qurtulmaq hələ yox darlığımızdan,

Amma bir azadlıq doğulub varlığımızdan.

“Varlıq” nə bizim təkcə azadlıq quşumuzdur,

Bir müjdə də vermiş bizə həmkarlığımızdan.

Dil açmada lallıq da gedər, karlığımız da,

Çün lallığımız doğmuş idi karlığımızdan.

Düşmən bizi əlbir görə təslim olu naçar,

Təslim oluruq düşmənə naçarlığımızdan.

Birlik yaradan söz bir olur biz kişilərdə,

Yoxluqlarımız bitdirəcək “Varlığ"ımızdan.

Artıq 36 ildir ki, “Varlıq” İranda ana dilində nəşr edilir. Orada dərc edilən yazıların məzmunu, elmi səviyyəsi hələ bir kənara qoyularsa, yalnız məcmuənin belə uzun müddətdə milyonlarla insan arasında apardığı dil tərbiyəsi, əyani məktəb olmaq qüdrəti oxşarı olmayan qəhrəmanlıq kimi dəyərləndirilməyə layiqdir və bütün başqa xidmətləri olmasa belə, elə bircə bu dərginin 36 illik yoluna görə Cavad Heyətə millətin könlündə və tarixin bağrında əbədi abidə yapılması haqqı halaldır.

Həm də bu dərginin büdrəmədən, fasilələr vermədən, yarı yolda qalmadan belə sürəkli zaman məsafəsində ayaq üstə olması, təbii ki, ən əvvəl batılmaz Cavad Heyət zirehi, onun qeyri-adi dərəcədə güclü nüfuzu ilə əlaqədardır.

Necə uzaqgörənmiş ustad!

İran İslam inqilabı baş verəndən sonra açılan azadlıq pəncərəsi, ölkəni bürüyən yenilik havasının dalğasında ayrı-ayrı təşəbbüskarlar ana dilində bir silsilə qəzet-jurnal buraxmağa başladı. Ömrü bir neçə həftə olanı da oldu, bir neçə ay sürəni də, bir neçə il çəkəni də. Ahəstə-ahəstə hamısı susdu, itib-batdı. Meydanda sabit əzəməti ilə dikələn “Varlıq” oldu. Çünki tədbirli Cavad Heyət əvvəldən işini düzgün qurmuşdu. Yolunu başlayanda ətrafına ən parlaq ulduzları toplamışdı - Həmid Nitqini, Savalanı, Səhəndi, Fərzanəni...

Bu 36 il boyunca doktor dərgini sadiq köməkçilərinin, dəstəyə yeni qoşulan silahdaşlarının dəstəyi ilə buraxdı. Lakin bir baş redaktor və dəmir intizam sahibi kimi sonacan da özü jurnalın hər sayını əvvəldən-axıracan mütaliə edərək redaktələrini apardı.

Çünki Cavad Heyət bu işə sadəcə naşirlik, jurnal buraxmaq kimi baxmırdı.

Bunu öz əsas həyati missiyasının, millət quruculuğuna, türklüyə, azərbaycançılığa xidmətinin ümdə halqalarından biri kimi qavrayırdı.

Şəhriyar milli düşüncədə fırtınalar yaradan “Heydərbabaya salam"ı doğurdu.

Həm fars, həm türkdilli ədəbiyyatın tarixini gözəl bilən Cavad Heyət haqlı olaraq təsdiqləyirdi ki, bizim iki və üçdilli şairlərimiz az olmayıb. Tutalım, Nəsimi, yaxud Füzuli, ya Seyid Əzim hər 3 dildə yazmışlar. Onların farsca və ərəbcədə yazdıqları yaxşıdır, lakin türkcədə olan yadigarları şah əsərlərdir. Şəhriyarın isə həm ana dilində, həm farsca qələmə aldıqları şah əsərlərdir.

Şəhriyarla ilk gənclik illərindən, hələ Tehranda birlikdə ali tibb təhsili aldığı vaxtlardan dost olan və bu simsarlığı şair dünyadan köçənədək kəsməyən Cavad Heyət ona yalnız dahi söz ustası kimi baxmırdı. Şəhriyar Cavad Heyətdən ötrü həm də doktorun ömrünün mənası olan azərbaycançılıq axınının, türkçülük cərəyanının gurlaşmasına qida verəcək güclü nəhrlərdən idi.

Şəhriyarsa “Heydərbaba"nı doğurandan sonra səngimişdi, Təbrizdə yaşayırdı, elə ara-sıra farsca yazıb-yaradırdı.

Bir dəfə Cavad bəy bu nisgili barədə o dövrdə İrana tez-tez gedib-gələn görkəmli şərqşünas Rüstəm Əliyevə gileylənir.

Doktor etiraf edirdi: “Rüstəm dedi ki, bunun təqsiri sizdədir. Şəhriyar qalıb orada tək, ətrafında sizin kimi aydınlar yoxdur ki, onu coşdursun, istiqamətləndirsin. Gətirin onu Tehrana, qoy sizin, dostlarınızın əhatəsində olsun, təsirinizlə yenə başlayacaq ana dilində təzə şeirlərini yazmağa.

Ağlıma batdı bu fikir. Getdim Təbrizə, Şəhriyarı ailəsilə birgə gətirdim Tehrana. Mənim üçmərtəbəli evim vardı, bir mərtəbəsini verdim ona, elə onun təşrifiylə evimizdə öz-özünə bir ədəbi məhfil əmələ gəldi. Asta-asta Şəhriyarın anadilli qələminin də pası açıldı, şirin dilimizdə yeni-yeni şeirləri doğuldu”.

(Şəhriyarın həmin şeirlərini oxuyanda müdam səbəbkarı, nəcib Cavad Heyəti də anın!).

Cavad Heyət bunu da xatırlayırdı ki, bir gün şahın həyat yoldaşı Fərəh xanım xəbər yollayır ki, Şəhriyar izin versin, Tehranda ona bir ev alaq, rahat yaşasın.

Şəhriyarın müdrik cavabını doktor mənə illər fasiləsiylə müxtəlif məqamlarda bir neçə dəfə nəql edib və hər dəfə də qəhərlənib: “Şəhriyar qayıtdı ki, çox təşəkkür edirəm diqqətinizə görə. Mənim hələ burada yerim çox rahatdır. Amma mənə nəsə yaxşılıq etmək istəyirsinizsə, türkcə şeirlərimi ayrıca kitab halında buraxın, elə özüm onun puluna ev də alaram”.

Cavad Heyətin insanlara, şəxsiyyətlərə münasibətinin əsas məhək daşı, başlıca ülgüsü Azərbaycana, onun tarixinə, dilinə, ədəbiyyatına, mədəniyyətinə, mənəviyyatına sevginin dərəcəsi idi.

Unudulmaz Heydər Əliyevi çox sevirdi və ulu öndərin də ona xüsusi ehtiramı vardı.

Onillər ərzində çox dövlət başçıları tərəfindən dəfələrlə səmimi qəbul edilmiş, həmsöhbət olmuş doktor yeri düşdükcə vurğulayırdı ki, dilə, mədəniyyətə, mənəvi sərvətlərə münasibətdə və bütün bunları peşəkarcasına bilməkdə Heydər Əliyevə tay ola biləcək ikinci dövlət rəhbəri ilə rastlaşmayıb: “Hər görüşəndə onun zəkasından, mütəfəkkirliyindən, nitqindən zövq alırdım, onun Azərbaycan eşqinə heyran olurdum, ayrılmaq istəmirdim və hiss eləyirdim ki, Heydər Əliyev də bu görüşlərin tez başa çatmasını istəmir. Elə oğlu da əsl ona layiq, eynən onun xəttinin, yolunun yolçusudur."Bir neçə dəfə mən Heydər Əliyevlə görüşəndə İlham Əliyev də yanımızda olmuşdu. Amma sakitcə dinləyir, kəlmə kəsmirdi. Üstündən xeyli müddət keçdi. İlham Əliyev Prezident oldu, onun bir-birindən parlaq, elə atasınınkı kimi cazibədar nitqlərini eşidəndə mat qaldım ki, bu qabiliyyətlər harada gizlənibmiş. Növbəti dəfə görüşəndə özündən xəbər aldım ki, İlham bəy, atanızın yanında sizi həmişə dinləyən gördüm, nədən bir dəfə də səsinizi eşitmirdim? Cavab verdi ki, bizdə adətdir, böyük danışanda söhbətə müdaxilə etməzlər, qulaq asarlar, yadda saxlayarlar, öyrənərlər”.

Bu davranış tərzi, belə cavab özü də klassik kübar tərbiyəsi ənənələri olan ailədə böyümüş Cavad Heyətə ləzzət vermişdi.

Məni isə dövlət başçımızın Cavad Heyəti daha çox bakılı etməsi, buralara hərdən qonaq kimi deyil, elə gələrək uzun müddət də qalması, insanlarımızla, ziyalılarımızla daha çox ünsiyyətdə olması üçün ona paytaxtımızın mərkəzi hissəsində gözəl mənzil hədiyyə etməsi çox məmnun qoymuşdu.

Amma Prezident İlham Əliyevlə doktor Cavad Heyətin təmaslarının bir millətəxeyir saxlancı da var.

Doktor ölkə başçısına farsca yazdığı, İranda nəşr edilmiş fundamental “Türk dilləri və ləhcələrinin tarixi” əsərindən bəhs etmişdi, Prezident İlham Əliyev də dərhal əsərin milli çəkisini, faydalılığını tutmuş və bir iradını da bildirmişdi: “Farsca yazıb nəşr etmisiniz, - çox yaxşı. Amma türk dillərinin müqayisəli təhlili haqda belə sanballı kitab gərək Azərbaycan dilində də buraxılsın”.

Cavad Heyət dəqiqləşdirirdi: “İlham bəyin bir tövsiyəsi də oldu. Kitab çox qalın idi. Cənab Prezident söylədi ki, bu, dərslik kimi bir mənbədir. Yaxşı olardı ki, rahat oxunsun deyə siz onu çox qalın bir kitab kimi yox, iki cilddə buraxasınız”.

Bu arzu da nəzərə alınır. Kitab çıxdı, Azərbaycanın və türk dünyasının elmi ictimaiyyəti arasında geniş əks-səda da doğurdu.

Və böyük alim Cavad Heyətin ana dilində iki cilddə nəfis şəkildə işıq üzü görmüş həmin şah əsərinin ilk səhifəsində bir ithaf da var: “Bu əsəri türk olmadığına baxmayaraq, saatlarca yalnızlığa dözən və mənim rahatlıqla bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sevgili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm”.

Əziz ustad, vəfalı ömür yoldaşınız, fars qızı Fəridə xanımın da, sizi sevən, çox əziz bilən dostlarınızın da, millətimizin də sizsizliyin yalnızlığına daha saatlarla deyil, əbədi dözmək növbəsi gəlib çatdı.

Nə qısa imiş 90 il!

...Bir neçə gün

öncə xəstəxanada yanınızdaydım. İlk dəfə kostyumsuz, qalstuksuz, beretsiz görürdüm sizi. Yataqdaydınız. Ömür tükənirdi. Damarlarınıza tibb qurğuları qoşulmuşdu.

Əllərinizi sığallayırdım, danışırdım sizinlə. Eşidirdiniz, həyəcanınızı hiss edirdim. Nəsə deyirdiniz, amma səsiniz çox dərində idi, zəif idi, eşidilmirdi.

Cavad Heyət həqiqəti isə başqadır axı!

Millət iftixarının ucadan-uca səsi eşidilməyə bilərmi heç!

Sizin doğma səsiniz həmişə bizimlə olacaq. Bizə və bizdən sonra gələn çox-çox nəsillərə eşidiləcək!

...Azərbaycanın Məkkəsi və Mədinəsi saydığınız Bakıda və Təbrizdə and yeri sayılası müqəddəs məkanlarımız var: Bakıda Fəxri Xiyaban, Təbrizdə “Məqbərət üş-şüəra”.

Bu ziyarətgahlarda bəxtinə əbədi sönməzlik düşmüş Azərbaycan ulduzları uyuyurlar.

“Heyət” sözünün də daha bir anlamı “nücum”, “ulduzlar elmi"dir.

Yurdumuzun ən elmli ulduzlarından olan böyük azərbaycanlı Cavad Heyətin əsl yeri həmin kəhkəşanlardır. Elə özünün də son arzusu bunlardan birində rahatlıq tapmaq idi. Təbrizi ona qıymadılar. Yenə Bakı Cavad Heyətə ağuşunu açdı.

Amma əziz ustad, haçan Fəxri Xiyabana getsəm, nə vaxt “Məqbərət üş-şüəra"ya yolum düşsə, sizi onların ikisində də ruh qardaşlarınızın arasında görəcəyəm.

Və bir də, sevimli millətimizin indikindən də qat-qat məsud olacağı daha parlaq gələcəklərin qoynunda.

Əsərləriniz, əməlləriniz yaşayacaq, daim yurddaşlarımıza vətənçilik dərsləri, millətçilik öyüdləri verəcək, həmişə qanı təzələyəcək, ruhu duruldacaq, sizi də bitməz sevgilərə ünvan edəcək.

VARLIĞınız yenilməz milli ruhun rəmzlərindən biri, VARLIĞınızın qovuşduğu yaşarı əsərlərinizin hamısı birbaşa xalqın qan damarına qoşulu.

Azərbaycanla birgə sonsuzadək diri qalmaqçün başqa nə lazımdır ki ?!

 

www.525.az