www.science.az
06.06.2014 00:00

Vətəndaş elmi e-elmin inkişafının yeni istiqamətidir

Son illər ərzində informatika elminin inkişafı, İnternetin imkanları, sosial şəbəkələr, mobil texnologiyalar, smartfonlar, planşet kompüterlər və s. e-elmin inkişafında yeni istiqamət kimi vətəndaş elminin yaranmasında mühüm rol oynayır. Onun könüllü iştirakçısı olan vətəndaş alim geniş məkan və zaman ölcülərinə malik olan böyük həcmdə məlumatların toplanması ilə yanaşı, eyni zamanda bilavasitə elmi prosesdə də iştirak edir. Bununla da vətəndaş elmi elmi araşdırmalarda ictimai iştirakı təmin etməklə elm və cəmiyyət arasında qarşılıqlı əlaqələri gücləndirir. Respublikamız üçün bu layihələrin təbliği və mühüm əhəmiyyət kəsb edən məsələlərin həllində tətbiqi aktualdır.

İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) cəmiyyətin müxtəlif sahələrinə sürətlə tətbiqi insanlar arasında münasibətlərin xarakterini, biznes prinsiplərini və dövlət idarəçiliyini dəyişir. Virtual cəmiyyətlər formalaşır, yeni informasiya münasibətləri yaradılır, müəyyən informasiya maraqları üzrə istifadəçilərin qruplaşması baş verir. İnformasiya Cəmiyyəti (İC) quruculuğuna xas olan bu proseslər eyni zamanda elmi aləm və cəmiyyətdə e-dövlət, e-hökumət, e-təhsil, e-tibb, e-elmlə yanaşı vətəndaşların ictimai iştirakı ilə xarakterizə olunan vətəndaş cəmiyyəti, vətəndaş jurnalistikası, vətəndaş elmi, vətəndaş alim və e-vətəndaş elmi kimi yeni terminləri formalaşdırır.

Sosial şəbəkə, blog və wiki saytlar kimi sosial əməkdaşlıq texnologiyaları oxşar təcrübə və maraqları olan insanlar arasında qarşılıqlı münasibətləri asanlaşdıran Facebook, Twitter, LinkedIn, MySpace və Vikipediya kimi çoxsaylı online icmaların yaranmasına səbəb olmuşdur. Bu yeni texnologiyalar hökumətlə vətəndaşlar arasında əməkdaşlığın genişlənməsi, ictimai iştirakın və proqram və xidmətlərin birgə istehsalı və innovasiyanın artırılması üçün geniş imkanlar açmışdır.

Qeyd etmək lazımdır ki, eyni zamanda vətəndaş cəmiyyətinin formalaşdırılması prosesisində də vətəndaşların aktiv iştirakı üçün şərait yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf konsepsiyasında vətəndaş cəmiyyətinin inkişafı, dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində dövlət siyasətinin davam etdirilməsi qarşıya qoyulmuşdur.

Məlumdur ki, vətəndaş cəmiyyəti vətəndaşlar və onların birliklərinin ictimai fəaliyyətinin tərkib hissəsidir. Müasir vətəndaş cəmiyyətinin iki əsas funksiyasını qeyd etmək olar: a)dövlət idarəetmə sisteminin fəaliyyətinə vətəndaşlar tərəfindən davamlı nəzarətin təmin edilməsi; b)yeni, “şəffaf”, ədalətli və səmərəli demokratik cəmiyyətin yaradılması layihələrinin irəli sürülməsi. Vətəndaş cəmiyyətinin sosial-siyasi nüvəsi qeyri-hökumət, qeyri-kommersiya, müstəqil təşkilat şəklində birləşmiş vətəndaş qruplarıdır. Bu baxımdan vətəndaşların ictimai iştirak təcrübəsini artırmaq və inkişaf etdirmək mühüm əhəmiyyət kəsb edir. Bu sahədə aparıcı beynəlxalq təşkilat kimi IAP2 (International Association of Public Participation - www.iap2.org) - İctimaiyyətin İştirakı üzrə Beynəlxalq Assosiasiyanı göstərmək olar. Həmin təşkilat ictimai iştirakın məlumatlandırmaq, məsləhətləşmək, cəlb etmək, əməkdaşlıq, hüquq və imkanların genişləndirilməsi kimi beş istiqamətini qeyd edir və bu sahədə beynəlxalq tədqiqatları dəstəkləyir, təlim və peşəkar inkişaf xidmətləri təklif edir. Hazırda ictimai iştirakın bu formalarının reallaşdırılmasına web 2.0-ın sosial əməkdaşlıq vasitələri böyük təkan vermişdir.

Məlumdur ki, İnternetin imkanları insanların kollektiv yaradıcılıq fəaliyyəti üçün yeni şərait yaratmışdır. Alimlərin “kollektiv bilik” əldə etmək arzusu artıq reallaşmışdır. Şəbəkə mühitində reallaşdırılan müxtəlif layihələr, yeni texnologiyalar işlənilir. Wiki texnologiyası bu sahədə mühüm əhəmiyyət kəsb edir. Onun tətbiqi İnternetdə xüsusi yer alan Wikimedia hərəkatı yaratmışdır. Wikimedia hərəkətı tədris materialları şəklində biliklərin sərbəst yaradılması və dəstəyi üçün ümumi məqsəd və fəaliyyətlərini bölüşən insanlar və onların qruplarından ibarətdir. Təyinatına görə Wikipedia, Wiktionary, Wikibooks, Wikisource, Wikinews, Wikiversity və s. kimi müxtəlif sərbəst Wikimedia layihələri mövcuddur.

Wikipediya İnternetdə nəşr olunan çoxdilli, kütləvi və hamı üçün açıq ensiklopediyadır. Bu ictimai ensiklopediya, paylanmış İnternet mühitində həvəskar müəlliflər kollektivinin fəaliyyəti nəticəsində biliklərin sürətli artımı və toplanması nümunəsidir. Wikipediyaya qədər İnternetdə çat, web forum, blog kimi insanların qrup ünsiyyət vasitələri düşünülüb tapılmışdır. Bu texnologiyalar yalnız informasiya mübadiləsi və onun müəyyən şəkildə nizamlaması imkanlarını verir, lakin heç biri Wikipediya kimi tam, dinamik yenilənən web resurs yaratmaq vasitələrinə malik deyildir. Qeyd etmək lazımdır ki, Wikimediya layihələrində müəlliflər kollektivi konkret elm sahələri üzrə elmi biliklərə malik mütəxəssis və alimlərdən formalaşır. Lakin maraq doğuran digər bir məsələ isə elmi sahə üzrə ilkin təhsili olmayan yüzlərlə, minlərlə həvəskarın konkret qlobal layihələrdə iştirakıdır. Bu layihələrin tədqiqat obyekti böyük məkan və zaman ölçüləri ilə xarakterizə olunur və coxlu sayda ilkin verilənlərin toplanmasını tələb edir. Ona görə də belə layihələrin təkcə alim və mütəxəssislər kollektivi tərəfindən işlənməsi səmərəli deyildir və əksər hallarda uğursuzdur. Qlobal layihələrdə qeyri-məhdud sayda könüllünün iştirakı nəticəsində böyük həcmdə verilənlərin toplanmasına və buraxılan xətaların minimuma endirilməsinə nail olunur.

Vətəndaş elmi, vətəndaş alim?

Könüllülərin tədqiqatlara cəlb olunmasının uzun bir tarixi vardır. İqlim və biomüxtəliflik arasında əlaqələrin tədqiq olunmasında könüllülər yüz illərdir ki, iştirak edir. Məs., Britaniyada həvəskar tarixçilərin bitki əkini mövsümünün vaxtı haqqında yazıları 1730-cu ilə təsadüf edir. Astronomiyada vətəndaş elmindən istifadənin tarixi də eyni dərəcədə böyükdür. Belə ki, 1874-cü ildə Britaniya hökuməti Yer ilə Günəş arasındakı məsafənin ölçülməsinə bütün dünya həvəskar astronomlarının cəlb edilməsi üçün xüsusı layihə maliyyələşdirmişdi.

Son 20 il ərzində informatika elminin, xüsusilə verilənlərin emalı prosesinin inkişafı, veb texnologiyalarına əsaslanan qrafiki istifadəçi interfeysləri və coğrafi informasiya sistemləri, mobil texnologiyalar, smartfon, planşet kompüterlər və digər portativ cihazlar e-vətəndaş elminin yaranmasında mühüm rol oynamışdır.

“Vətəndaş elmi” (citizen science) - əksəriyyətinin ixtisas üzrə ilkin hazırlığı olmayan çoxlu sayda həvəskar vətəndaşın elmi tədqiqatların aparılmasına könüllü cəlb olunması konsepsiyasıdır. “Vətəndaş alim” (citizen scientist) isə bu konsepsiyanın reallaşdırılmasını həyata keçirən həmin həvəskar iştirakçılardır.

Könüllülərin iştirak etdiyi bu layihələr “e-vətəndaş elmi” (e-citizen science, eCs) adlandırılır.

Vətəndaş elminin məqsədlərinə aşağıdakıları göstərmək olar:

-Vətəndaş alimlərin layihələrdə geniş məkan və zaman üzrə böyük həcmdə verilənlərin toplanmasında iştirakı qoyulmuş məsələləri daha səmərəli həll etmək imkanları yaradır.

-Vətəndaş elmi tədqiqatlarda və ümumilikdə elmdə ictimai iştirakı təşviq etməyə yönəldilmişdir.

-Vətəndaş elmi qeyri-rəsmi təhsil üçün bir yanaşmadır. Bəzi layihələr xüsusi olaraq qadınların, şagirdlərin iştirakı üçün nəzərdə tutulmuşdur.

Vətəndaş elmi və e-elm

Məlumdur ki, müasir cəmiyyətdə elm insan həyatında mühüm rol oynayır. Şübhəsiz ki, onun inkişaf səviyyəsi cəmiyyətin inkişafının əsas göstəricilərindən biri olaraq dövlətin iqtisadi, mədəni, savadlılıq, müasir inkişaf səviyyələrini xarakterizə edir.

Elm yeni biliklərin mənbəyi, insanların təbiət və cəmiyyət haqqında biliklərin əldə olunmasına yönəldilmiş tədqiqat fəaliyyətidir. Elmin inkişafı ictimai dəstəyin səviyyəsi ilə xarakterizə olunur. Həmin dəstəyin ayrılmaz tərkib hissələri isə maliyyə, maddi və intellektual resurslardır.

Elm və intellektual əməyin intensiv inkişafı XX əsrin ilk onilliklərindən başlamışdır. İntellektual əməklə məşğul olan insanların sayının sürətlə artımı elmin inkişafında mühüm rol oynayır. Digər əsas amil isə İKT-nin tətbiqi nəticəsində elmi tədqiqatların xarakterinin dəyişməsidir. Bunlardan birincisi qlobal problemlərin həlli layihələrinə dünyanın müxtəlif ölkələrinin aparıcı mütəxəssislərinin cəlb olunmasıdır ki, bu da müasir elmə xas olan beynəlxalq əməkdaşlıq və qloballaşmadır. İkincisi isə qlobal problemlərin həllində müxtəlif elm sahələrinin inteqrasiyasıdır.

Qlobal problemlərin həllində sosial qüvvə kimi elmin əhəmiyyətli rolu vardır. Qeyd etmək lazımdır ki, elmin inkişafı müsbət amillərlə yanaşı eyni zamanda yeni problemlərin yaranmasına gətirir. Məs., məlumdur ki, sürətli elmi-texniki tərəqqi planetdə təbii ehtiyatların tükənməsi, hava, su və torpağın çirklənməsi kimi cəmiyyət üçün təhlükəli hadisələrin əsas səbəblərindən biridir. Ona görə də ekoloji təhlükələrin miqyasının və parametrlərinin müəyyən edilməsi və problemlərin həlli prioritet tədqiqat istiqaməti kimi alimlərin qarşısında durur. Problemlərin həllində müasir İKT -nin rolu danılmazdır.

Beləki, İC üzrə Ümymdünya Sammitinin (WSIS) Fəaliyyət Planının C7 bəndində milli elektron strategiyalar çərçivəsində digər sahələrlə yanaşı elmdə də İKT-nin geniş tətbiqi qarşıya qoyulmuş mühüm məsələlərdəndir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında bu istiqamətdə nəzərdə tutulmuş işlər e-elm layihəsi çərçivəsində uğurla həyata keçirilir. Bu konteksdə alimlər, alim və vətəndaşlar arasında bilik mübadiləsinin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Tədqiqatçılar və vətəndaş cəmiyyəti, o cümlədən kənd icmaları və yerli əhali arasında bilik mübadiləsini yaxşılaşdırmaq məqsədi ilə elm, siyasət və cəmiyyət arasında qarşılıqlı münasibətlərdə qərarların qəbuluna dəstək məsələlərində e-elmin rolu mühümdür. Web texnologiyalarına əsaslanmış platformaların yaradılması imkanları siyasi qərarların qəbul edilməsi, siyasi dialoq və informasiya, elm, siyasət və cəmiyyət arasında əlaqələrdə qarşılıqlı yardımın gücləndirilməsi məqsədilə məlumat mübadiləsi üçün yeni şərait yaratmışdır.

UNESCO mütəmadi olaraq WSIS-in Fəaliyyət Planında İC quruculuğu üzrə nəzərdə tutulmuş məsələlərin həlli vəziyyətinə nəzarət edir, forumlar və müsabiqələr keçirir. Belə tədbirlərdən biri də UNESCO-nun Elm siyasəti və Potensialın gücləndirilməsi şöbəsinin Fəaliyyət Planının C7 bəndində nəzərdə tutulmuş alimlər, alimlər və vətəndaşlar arasında bilik mübadiləsinin yaxşılaşdırılması istiqaməti üzrə “E-elmdə yeni tendensiyalar: vətəndaş elmi, mobil texnologiyalar və İKT” mövzusunda hesabatın hazırlanmasına həsr olunmuşdur (avqust 2012). “Sülh və davamlı inkişaf üçün biliklər cəmiyyətinə doğru” mövzusunda keçirilmiş konfransda (Paris, 25-27 fevral 2013) hesabat çərçivəsində görülmüş işlər və vətəndaş elminin e-elmin inkişafının yeni istiqaməti kimi formalaşması məsələləri ətraflı müzakirə olunmuşdur.

Vətəndaş elminin aktuallığını belə bir misalla da təsdiqləmək olar. Məlumdur ki, 2006-cı ildən başlayaraq IBM şirkəti hər il növbəti beş il üçün beş ən maraqlı ixtira və innovasiyanı proqnozlaşdırır. Vətəndaş elminin inkişafı şirkətin 2010-cu ildə növbəti beş il üçün qəbul etdiyi istiqamətlərdən biridir.

E-vətəndaş elmi (eCs) layihələrinin xüsusiyyətləri

-Məkan və/və ya zaman ölçüləri genişdir;

-Böyük həcmdə verilənlərin toplanması tələb olunur;

-Kəmiyyət ölçmələri, müşahidələr tələb olunur;

-Məlumatlar adətən açıq təbii şəraitdə toplanır;

-Məlumatların toplanmasında çoxlu sayda könüllü iştirak edir;

-Vətəndaş alimlərin layihədə iştirakı əsasən maliyyələşdirilmir;

-Verilənlərin toplanması İnternet vasitəsi ilə həyata keçirilir;

-Tədqiqat mexanizmləri yaxşı işlənmişdir;

-İştirakçılar üçün yardımçı materiallar, professional kömək mövcuddur.

eCs layihələrin təsnifatı

Layihələri vətəndaş alimlərin iştirak səviyyəsinə görə 3 kateqoriyaya ayırmaq olar. Həmin təsnifatı konkret misallarla nəzərdən kecirək.

1) Könüllülərin yalnız ilkin verilənlərin toplanmasında iştirak etdiyi layihələr. Bu qrup layihələr alimlər tərəfindən işlənilir və layihədə könüllülər yalnız ilkin verilənlərin toplanmasında iştirak edirlər. “Quşların yuva şəbəkəsi” (Birdhouse Network) layihəsini misal gətirmək olar (http://nestwatch.org). Layihədə könüllülər ABŞ və Kanadada quşların artımı haqqında məlumatları toplamaq üçün quşların yuvalarının monitorinqinə cəlb olunur. Burada məqsəd quşların artımı biologiyasını başa düşmək və qiymətləndirmək, elmi bilik prosesinin iştirakçısı olmaqdır. Layihənin başlanmasının 10 illik müddəti ərzində təxminən 5000 iştirakçı Kanadanın 49 ştatı və yeddi əyalətində 75000 quş yuvasının monitorinqini aparmışdır. Tipik iştirakçılar yaşlı, yaxşı təhsilli, təqaüdçü qadınlar olmuşlar. İştirakçılara yuvalara həftədə bir və ya iki dəfə nəzarət etmək təklif edilmışdi. Hər iştirakçı orta hesabla 22 yuvaya nəzarət etmişdi. Məlumatların dəqiq toplanması və müvafiq monitorinq aparmaq üçün iştirakçılara (online və ya çap materialları ilə təmin edilməklə) təlimlər keçirilmişdir. Layihə hazırda davam edir.

2) Əməkdaşlıq layihələri. Bu qrup layihələr alimlər tərəfindən işlənilir və könüllülər ilkin verilənlərin toplanması ilə yanaşı, eyni zamanda verilənlərin analizində, alınan nəticələrin paylanmasında da iştirak edirlər. Misal olaraq könüllülərin bitkilərin invaziv növləri sahələrinin tədqiqinə qoşulduğu “Yeni İngiltərənin bitkilərin invaziv növləri Atlası”( Invasive Plant Atlas of New England) layihəsini nəzərdən keçirək (http://nature.berkeley.edu/huntsingerlab). Məqsəd könüllünün elmi biliklərin məzmunu və məlumat toplanması metodologiyalarını başa düşməsi, idarəetmədə iştirakıdır. Layihədə iştirak üçün hazırlıq işləri ilkin bir günlük təlim-məşq toplanışı ilə başlayır, iştirakçılar online resurslarla təmin olunurlar və sonralar keçirilən seminarlarda aktiv iştirak edirlər. Aparılan sorğular iştirakçıların təlimin məqsəd və imkanlarını başa düşməsini təsdiqləyir, sonrakı təlimlər bu potensialdan fayda əldə edilməsinə yönəldilir. Layihə 2001-ci ildən fəaliyyətdədir. Onun hazırlanmasına indiyə kimi 900 nəfər könüllü qoşulmuş, hazırda isə onlardan 500-ü aktiv iştirakçıdır. Bu günə qədər bitkilərin invaziv növləri haqqında toplanmış məlumatların sayı 11596-dır.

3) Birgə layihələr. Bu qrup layihələr alimlər və könüllülər tərəfindən birgə işlənilir və könüllülərin ən azı bir neçəsi layihənin bütün və ya əksər mərhələlərində iştirak edir. Barnegat körfəzi və Nyu-Cersi-də molyuskaların yetişdirilməsi üçün yaşayış mühitinin monitorinqinə və idarə edilməsinə könüllülərin cəlb olunması “Körfəz reklamı” (Reclam the Bay) layihəsi buna misaldır (www.reclamthebay.com). Məqsəd suyun keyfiyyəti haqqında biliklərin və molyuskaların ekologiyasının öyrənilməsi, molyuskaların bərpası ilə suyun keyfiyyətinin yaxşılaşdırılması tədbirləridir. Layihə 2005-ci ildə başlamışdır və 50 könüllü iştirakçısı vardır. Keçirilən intensiv təlim kursları molyuskaların biologiyası, ekologiyası və praktiki yetişdirilməsini əhatə edir. Körfəz haqqında məlumatların yayılması prosesinə məktəblərdən 4700-ə yaxın həvəskar iştirakçı cəlb olunmuşdur. İştirakçılar arasında keçirilmiş başlanğıc və son testlər biliklərin əldə olunmasında naəliyyətləri, iştirakçının molyuskaların yaşayış mühitinin idarə edilməsi məqsədlərinə nail olmaq bacarığını, eləcə də idarəetmə və təhsildə birliyi nümayiş etdirmişdir.

Vətəndaş elmi layihələrinin mərhələləri

E-elmin inkişafının yeni bir istiqaməti kimi meydana çıxan vətəndaş elminin xarakterik xüsusiyyəti əhəmiyyətli sayda könüllünün layihədə iştirakıdır. Çoxlu sayda könüllünün layihəyə cəlb olunması prosesi isə ilk növbədə planlaşdırma, işin təşkili, toplanmış məlümatların adekvatlığının yoxlanılması kimi məsələlərin həllini tələb edir. Məsələlərin kompleks həlli aşağıdakı mərhələlər üzrə həyata keçirilə bilər:

1.Layihənin məqsədi və həll etdiyi elmi məsələlərin müəyyənləşdirilməsi;

2.Layihəni həyata keçirən komandanın formalaşdırılması;

3.Protokolların, verilənlərin toplanması formalarının və təhsil materiallarının yaradılması, yoxlanması və inkişaf etdirilməsi;

4.Könüllü iştirakçıların cəlb olunması;

5.Treninqlərin təşkili;

6.Toplanmış məlumatların emalı;

7.Alınmış nəticələrin təhlili və interpretasiyası;

8.Nəticələrin yayılması.

Buradan da aydın görünür ki, mərhələlər layihənin əsasını təşkil edir və uğurlu nəticələr alınmasında mühüm əhəmiyyət kəsb edir.

Vətəndaş elminin əsas tərkib hissələri və müasir informasiya texnologiyaları

a)Məlumatların toplanması:

- Veb saytlar və bloqlar – məlumatların toplanması üçün əvəzolunmazdır. Layihələndirmə zamanı veb sayt və bloqların yaradılması, kontentlərin idarə edilməsi, online sorğu alətləri kimi vasitələrdən istifadə edilə bilər.

- Mobil texnologiyalar, smartfonlar – məlumatların toplanması, xüsusən də GPS-lə dəqiq coğrafi yerləşmənin qeydiyyatı üçün geniş istifadə olunur. Əldə olunmuş geoəlaqəli şəkillərin sonrakı emalı zamanı yoxlanılması və verifikasiyası asanlaşır.

- Sensorlar – müxtəlif təyinatlı sensorların smartfon, iPhone və s. daxilində yerləşdirilməsi fiziki proseslərin ölçülməsi və qeydiyyatını asanlaşdırır.

- Şəkillərin və səsin təhlili – OLAP və Data Mining əsasında məlumatlarıın əldə olunması; b)Vizuallaşdırma və analiz (Google maps; Google charts; Fieldscope);

c)Verilənlər bazaları və verilənlərin idarə olunması, axını və paylanması (DataONE, Data C);

ç)Crowdsourcing – məsələlərin insan topluları arasında paylanması;

d)Vətəndaş alimlər qrupunun formalaşdırılması və nəticələrin yayılması – virtual sosiomların (Twitter, Facebook) imkanlarından istifadə etməklə həyata keçirilə bilər.

Qeyd etmək lazımdır ki, eCs layihələrinin əsas problemi internetin trafikidir. Ona görə də problemin həlli yollarından biri də hesablama buludları texnologiyasından istifadə etməkdir.

Vətəndaş elmi layihələrinin əhatə dairəsi

Elmi biliklərin inkişafı və yayılmasında vətəndaş elmi layihələri olduqca uğurludur. Vətəndaş elmi layihələri dəyərli tədqiqat vasitəsinə çevrilmişdir. Məlumatların toplanması və ekspertizanın müxtəlif səviyyələrində çoxlu sayda adamın iştirakı toplanan məlumatlara olan inamın artmasına və yüksək keyfiyyətli nəticələrin əldə olunmasına əsas verir.

Məlumatların toplanması zamanı ilkin verilənlərin emalında istifadə oluna bilən sınaq protokollarının yaradılması son iyirmi ildə vətəndaş elmi konsepsiyasının uğurlu inkişafında mühüm rol oynamışdır.

Artıq vətəndaşlar e-vətəndaş elmi layihələrində yalnız verilənlərin təchizatçısı deyil, eyni zamanda elmi-tədqiqat prosesinin iştirakçısıdırlar. Belə ki, onlar toplanmış məlumatları təhlil edir, dizayn işləri, eksperimentlər, məlumat toplamaq və s. üçün proqram vasitələri yaradırlar.

Layihələrin ən çoxu sosial və humanitar, təbiət, coğrafiya, ətraf mühitin tədqiqi, astronomiya elmlərinə, proqram vasitələrinin inkişafına aiddir. Az sayı isə sağlamlıq, şəhərsalma və diğər sahələri əhatə edir. Son on ildə isə, xüsusən Şimali Amerika və Avropada, vətəndaş elmi təşəbbüslərinin sayının sürətli artımı müşahidə olunur.

Layihələr əhatə dairəsinin miqyası, cəlb olunmuş könüllülərin sayı, mövzü müxtəlifliyi və s. ilə seçilirlər. Məs., quşların qeydiyyatının aparılması layihəsi 1900-cu ildən başlamışdır. Hal-hazıda bu layihədə 80 minə qədər könüllü iştirak edir. Dünyadan kənar həyatın varlığını aşkarlamaq üçün milyonlarla könüllünün kompüter resurslarının hesablamalara cəlb olunması, səma obyektlərinin təsnifatı, təbii mühitin müşahidəsi və s. maraqlı layihələrdir.

Təbiət hadisələrinin tədqiqinə yönəldilmiş layihələr böyük həcmdə məlumatların toplanmasını tələb edir. Məs., eBird layihəsində bütün dünyada ekoloji elmin tədqiqində vətəndaş alimlər tərəfindən aylıq 2 milyondan 3 milyona qədər yeni qeydlər toplanılır . Bunlarla yanaşı hazırda iqlim (məs., havanın müşahidəsi, iqlim dəyişkənliyi), su (məs., suyun tədqiqatı və balıqçılığın monitorinqi təşəbbüsü, suyun keyfiyyətinin monitorinqi), yaşayış mühiti və s. ilə əlaqədar uğurla həyata keçirilən digər layihələri də misal gətirmək olar.

Mülahizələri internetdə fəaliyyət göstərən ən məşhur və uğurlu vətəndaş elmi layihələr evi sayılan Zooniverse-in timsalında nəzərdən keçirməklə yekunlaşdıraq.

Zooniverse (www.zooniverse.org). şəbəkə bazalı vətəndaş elmi layihələr yığımıdır. Layihələr çərçivəsində tədqiqatçıların qarşılaşdıqları böyük həcmdə verilənlərin toplanması çoxlu sayda könüllülərin istifadəsi nəticəsində həyata keçirilir. İndiyə qədər 4 layihə müvəffəqiyyətlə başa çatmışdır. Kosmos, iqlim, humanitar, təbiət və biologiya kateqoriyaları üzrə fəaliyyətdə olan 20 layihə vardır. Həmin layihələrin bəzilərini nəzərdən keçirək.

Galaxy Zoo (www.galaxyzoo.org). Təxminən yüz milyard qalaktika kainatda səpələnmiş və hər biri milyardlarla ulduzu özündə cəmləşdirir. Layihənin məqsədi astronomlara bizi əhatə edən qalaktikaların necə formalaşdığını anlamağa kömək etmək, kainatımızın keçmiş, indiki və gələcək vəziyyətini öyrənməkdir. Könüllülərdən təqdim olunan xəritələrdən istifadə etməklə müəyyən qaydada təsnifatların aparılması tələb olunur. Bir il ərzində 150 min könüllüdən 50 mln.belə təsnifat toplanmışdır.

Cyclone Center (www.cyclonecenter.org). Layihənin məqsədi alimlərə 30 ildən çox bir dövr ərzində baş vermiş tropik siklonların peyk görüntülərinin təsnifatını aparmağa kömək etməkdir. Tarixi faktlarda tropik siklonların iqlimşünaslığında qeyri-müəyyənliklər mövcuddur. Fırtına görüntülərinin nümunələri insan gözü ilə daha yaxşı tanınır, ona görə də onların analizində insanların köməyinə ehtiyac vardır.

ANCIENT LIVES (http://ancientlives.org). Humanitar sahəyə aid olan bu layihənin məqsədi qədim yunanların həyatının öyrənilməsidir. 1897-də Misir Kəşfiyyat Fondu tərəfindən“Misirdə antik xristianlıq qalıqlarının aşkarlanması və tədqiqi” işlərinə başlanmışdır. Bu məqsədlə qədim Oxyrhynchus şəhərinin xarabalıqlarının qazıntısı və tapılan papirusların tədqiqi işlərinə başlanmışdır. 1907-ci ildə qazıntılar dayandırılmışdır. Hazırda həmin dövrdə toplanmış 700 qutu papirusun 500 000 fraqmentinin yalnız cüzi hissəsi öyrənilmişdir. Tədqiqatlar könüllülərin bu eCs layihəsinə cəlb olunması ilə davam etdirilir.

CONDOR WATCH (www.condorwatch.org). Kaliforniya kondorlarının nəsli ciddi sürətdə kəsilməkdədir və bu cinsin artımında başlıca problem kimi kütləvi zəhərlənmə hesab olunur. Layihənin məqsədi onların yaşayış yerləri, toplu şəkildə davranışları haqqında məlumatları toplamaq əsasında xəstəliklərin başlıca səbəblərini aşkarlamaqdır. Könüllülərə daimi işlək kameralarla çəkilmiş kondor şəkilləri təqdim edilir və burada hər bir kondorun şəxsi işarə nömrəsini təyin etməklə onlarla bağlı məlumatlar toplanılır.

Cell Slider (www.cellslider.net). Layihə xərçəng xəstəliyinin tədqiqinə həsr olunmuşdur. Məqsəd xərçəng xəstəliyinin real şəkillərinin emalına könüllülərin cəlb olunması yolu ilə alimlərə dəstəkdir. İndiyə qədər 2 263 594 belə şəkil analiz olunmuşdur.

Beləliklə, deyilənləri əsas göturərək belə nəticəyə gəlmək olar ki, son illər ərzində informatika elminin inkişafı, İnternetin imkanları, mobil texnologiyalar, smartfon, planşet kompüterlər və s. e-elmin inkişafında yeni istiqamət kimi vətəndaş elminin yaranmasında mühüm rol oynayır. Onun könüllü iştirakçısı olan vətəndaş alim geniş məkan və zaman ölcülərinə malik olan böyük həcmdə məlumatların toplanması ilə yanaşı, eyni zamanda elmi prosesdə də iştirak edir. Bununla da vətəndaş elmi elmi araşdırmalarda ictimai iştirakı təmin etməklə elm və cəmiyyət arasında qarşılıqlı əlaqələri gücləndirir.

Sonda onu da qeyd etmək lazımdır ki, ölkədə vətəndaş elminin təbliği, ölkə vətəndaşlarının mövcud beynəlxalq eCs layihələrində iştirakı, eyni zamanda milli əhəmiyyətli (məs., su daşqınlarının, yangınların, torpaq sürüşmələrinin, epidemioloji xəstəliklərin yayılmasının, nəqliyyatda tıxacların və s. tədqiqinə dair) layihələrin həyata keçirilməsi ölkəmiz üçün də aktual məsələlərdir.

Rasim Əliquliyev,

AMEA İnformasiya Texnologiyaları

İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

Təhmasib Fətəliyev,

institutun şöbə müdiri

“Rabitə dünyası qəzeti”, 23 may 2014-cü il