www.science.az
04.08.2014 00:00

Azərbaycan alimlərinin əsəri “Springer” nəşriyyatında çap olunub

Bu yaxınlarda nüfuzlu “Springer” nəşriyyatında akademik İradə Hüseynova, Nərgiz Sultanova, Ələmdar Məmmədov, Səftər Süleymanov, akademik Cəlal Əliyevin müəllif olduqları “Biotik stres və kənd təsərrüfatı bitkilərinin yaxşılaşdırılması” adlı fəsil “İqlim dəyişkənlikləri erasında kənd təsərrüfatı bitkilərinin yaxşılaşdırılması” adlı kitabında (Irada M. Huseynova, Nargiz F. Sultanova, Alamdar Ch.Mammadov, Saftar Y. Suleymanov and Jalal A. Aliyev. Biotic Stress and Crop Improvement. İn: Improvement of Crops in the Era of Climatic Changes, 2014, Volume 2, XVII, pp. 91-121.) çapdan çıxıb.

Bitkilərdə virus xəstəliklərinin tədqiqinə həsr olunmuş kitab Dr. Ahmad P., Dr. Wani M.R., Dr. Azooz M.M. və Dr. Tran L-S.P.-nin redaktəsi ilə nəşr olunub. Qeyd etmək lazımdır ki, 2008-ci ildən başlayaraq Azərbaycanda ilk dəfə olaraq AMEA Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsində akademik C.Əliyevin rəhbərliyi altında tərəvəz və paxlalı bitkiləri yoluxduran virus xəstəliklərin molekulyar diaqnostikası və identifikaiyası üzrə tədqiqat işlərinə başlanılıb. Azərbaycanın müxtəlif bölgələrinə çoxsaylı fitopatoloji monitorinqlər zamanı mozaika, cırtdanboyluluq, saralma, soluxma, burulma, buğumlararası qısalmalar və floemanın rəngsizləşməsi kimi virus xəstəliyinin xarakterik simptomlarına əsaslanan vizual diaqnostika nəticəsində bitki nümunələri toplanaraq İFA test-sistemi və ən müxtəlif müasir molekulyar metodlarla təyin edilib. Aparılan tədqiqatlar nəticəsində tərəvəz və paxlalı bitkilərdə RNT-genomlu (ToCV, TMV, CMV, CYSDV, CVYV, CCYV, MNSV, BCMV, BLRV, BYMV) və DNT-genomlu (TYLCV və nanoviruslar) viruslar aşkar olunub və onların növ səviyyəsində identifikasiyası aparılıb. Eyni zamanda viruslarla yoluxmuş bitkilərin struktur-funksional xüsusiyyətləri kompleks tədqiq edilib. Patogenez zamanı sərbəst radikalların yaranması və antioksidant müdafiə sistemləri, xloroplastların nativ halı, fotosintetik aparatın fotokimyəvi fəalllığı, FS II-nin potensial kvant çıxımı (Fv/Fm nisbəti), tilakoid membranı zülalları və fotosintetik piqmentlər ətraflı öyrənilib.

Qeyd edək ki, bu kitab fəsli “Springer” nəşriyyatından daxil olan xüsusi dəvət əsasında hazırlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.