www.science.az
05.10.2017 14:20

Akademik Vaqif Abbasovu 65 illik yubileyi münasibətilə təbrik edirik!

Bu gün Azərbaycanın görkəmli kimyaçı alimi, “Şöhrət” ordeni laureatı, Neft‐Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovun 65 yaşı tamam olur.

Vaqif Abbasov 5 oktyabr 1952‐ci ildə Tərtər rayonunun Cəmilli kəndində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya fakültəsini bitirib. O, 1973-1978-ci illərdə AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasında oxuyub və uğurlu elmi axtarışlar nəticəsində qısa müddətdə dissertasiya müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsini alıb.  1991-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edən V.Abasov 1992-ci ildə professor elmi adını alıb, 2001-ci ildə AMEA‐nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.

O, əmək fəaliyyətinə kimya müəllimi kimi orta məktəbdə başlayıb. 1984-cü ildə Neft‐Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri, 2006-cı ildə şöbə müdiri, 2007‐2008-ci illərdə isə direktor müavini vəzifələrində çalışıb. Alim 2011‐ci ildən bu institutun direktorudur.

Onun elmi fəaliyyətinin əsas istiqaməti nitrobirləşmələrin metal komplekslərinin, nitron turşularının duzlarının, yüksəkmolekullu aminlərin, imidazolinlərin, amin komplekslərinin alınma üsullarının və proseslərinin elmi əsaslarının işlənib hazırlanması, çoxfunksiyalı antistatik aşqarların, inhibitorların, inhibitor‐bakterisidlərin, parafin və duzçökmə inhibitorlarının, deemulqatorların, konservasiya mayelərinin və sürtkülərinin və s. yaradılması, onların təsir mexanizmlərinin tədqiqidir.

V.Abbasov respublika, beynəlxalq və bir çox xarici ölkələrin elmi qurumlarının üzvüdür. “ASSOKOR” assosiasiyasının rəyasət heyətinin üzvü, V.Altunin adına Beynəlxalq Ekologiya və Təbiətdən istifadə Akademiyasının həqiqi üzvü, Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, Türk Dünyası Tədqiqatları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür.

Akademikin elmi tədqiqatlarının nəticələri 1300-dən çox elmi əsərdə, o cümlədən 54 kitab, monoqrafiya, dərslik və dərs vəsaiti, eləcə də 90 publisistik əsər (o cümlədən 12 kitab), 52 patent və müəlliflik şəhadətnaməsində əksini tapıb. Onun rəhbərliyi ilə 11 elmlər doktoru və 34 fəlsəfə doktoru hazırlanıb.

O, “Neftkimyası və neftemalı prosesləri” jurnalının baş redaktorunun müavini, “Kimya məktəbdə” elmi‐metodiki jurnalın həmtəsisçisi və baş redaktoru, AMEA‐nın “Elm dünyası” jurnalının baş redaktorunun müavinidir.Hazırda V.Abbasov bir sıra elm müəssisələrində çalışmaqla yanaşı, ciddi elmi axtarışlarla da məşğuldur. Onun əməyi daim ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. 2005-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Vaqif Abbasov “Azərbaycanın Əməkdar müəllimi” fəxri adına layiq görülüb,  "Şöhrət" ordeni ilə təltif edilib.

Alim, həmçinin akademik Y.Məmmədəliyev adına medala, AMEA‐nın Fəxri fərmanlarına, İslam ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) “Elm və texnologiya” üzrə mükafatına, Avropa Biznes Assambleyası (Oksford, İngiltərə) tərəfindən “Avropa Keyfiyyəti” mükafatına, “The Name in Science” fəxri adına, Beynəlxalq Sokrat Komitəsinin “Şöhrət” medalına, “Əsas Qızıl Cəngavər” ulduzuna və digər mükafatlara layiq görülüb.

Görkəmli kimyaçı alimi 65 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.