www.science.az
18.11.2020 10:51

Qarabağ və Zəngəzurun epiqrafik abidələri

Orta əsrlər dövrü Azərbaycan tarixinin öyrənilməsində epiqrafik abidələrin mühüm yeri var. Xalq bir çox tarixi əhvalatları daş lövhələrə yazmaqla, abidələrin üzərində kitabələr həkk etməklə bir sıra ictimai-iqtisadi problemlərə, mədəniyyət tarixinə aid çox zəngin və qiymətli salnamələr qoyub getmişlər. Bütün orta əsrlər boyu Şərq dünyasını Avropa ilə birləşdirən karvan ticarət yolları məhz Azərbaycandan keçirdi. O zaman bu yolların üzərində tikilmiş karvansaralar və ictimai-dini binalar zəmanəmizə qədər gəlib çatmışdır. Onların üzərindəki epiqrafik yazılar memarlıq abidələrinin nə vaxt tikildiyini, bu və ya başqa tikinti komplekslərinin ölkənin ictimai-siyasi həyatında nə kimi rola malik olduğunu, karvan ticarət yollarının hansı dövrdə daha da qaynar həyat keçirdiyini araşdırmaqdan ötrü ən dəqiq informasiya verən ilk mənbə hesab edilir. Bu sıradan Azərbaycanın ayrılmaz tarixi parçası olan Qarabağ və Zəngəzur diyarının epiqrafik abidələri vətən tariximizin öyrənilməsi üçün yüksək əhəmiyyətə malikdir. Qarabağda İslam dövrü epiqrafik abidələri məhz məscid və türbələr üzərindəki kitabələrdə, məzar daşları üzərindəki epitafiyalarda əks olunur. Sayı kifayət qədər olan və İslam dövrü dini-ideoloji mərkəzləri hesab edilən bu tarixi abidələrin bir çoxunda tədqiqatlar aparılmaqla onların mümkün məqsədləri üzə çıxarılmışdır.

XX əsrin 60-70-ci illərində Azərbaycanın tanınmış epiqraf alimi, AMEA-nın müxbir üzvü Məşədixanım Nemətovanın Qarabağ və Zəngəzur mahalında apardığı epiqrafik elmi tədqiqatlar, regionun bir sıra tarixi məsələlərinin həllində müstəsna əhəmiyyətə malik olmuşdur. Alimin Qarabağ diyarında, Cəbrayıl rayonunun Şıxlar kəndindəki el arasında “Şıx Baba piri” adı ilə tanınan ziyarətgahda apardığı epiqrafik elmi araşdırmalarla aydın olmuşdur ki, türbənin içərisində böyük alim, əzəmətli şeyx, Şeyx Hüseynin oğlu Şeyx Əbdürrəhman dəfn edilib. Bu pir məhz elm adamlarını vaxtilə Avropa ölkələrini Yaxın Şərq ilə birləşdirən “Böyük İpək yolu” üzərində intensiv həyat keçirmiş, mədəni-ideoloji, sosial-siyasi-iqtisadi mərkəzlərdən biri olan xanəgahda xalqımızın müqəddəs yer kimi qoruduğu tarixin izlərində elmin və mədəniyyətin sirlərini açmağa çağırır. Şeyx Babanın məzar daşı üzərində farsca həkk edilmiş kitabədə deyilir: “Bildim ki, mənim taleyim mənim təbiətimdir, o da çox üzü dönükdür” (M.Nemətova). XIV əsrin əvvəllərinə aid bu türbənin ətrafında dövrün sayılıb-seçilən din xadimlərinin məzarları da var. Belə ki, ətrafdakı böyük qəbiristanlıqda XIV-XX əsrləri əhatə edən tarixi mərhələyə aid şeyx və şeyx övladlarının qəbir daşlarına rast gəlmək olur. Çox təəssüflər olsun ki, bu orta əsr abidələrinin demək olar ki, hamısı torpaq altında qalıb it-bat olmuşdur. Gələcəkdə Qarabağın orta əsr abidələrində kompleks arxeoloji tədqiqatlar aparılacağı zaman istisna deyil ki, xeyli sayda epiqrafik abidələr də üzə çıxacaq və Azərbaycanın orta əsrlər dövrü tarixinin araşdırılması istiqamətində yeni imkanlar açacaq.

Azərbaycanın epiqrafik abidələrinə, eyni zamanda tarixi Azərbaycan torpaqları olan Zəngəzur mahalında da rast gəlinir. Bu mahalın Çuxur Səd vilayətindəki Cəfərabad kəndində tədqiq edilmiş səkkizbucaqlı türbə və onun kitabəsi maraq doğurur. Məlumatlara əsasən, bu yerdə Çuxur Səd vilayətinin əmirlərinə məxsus bir neçə möhtəşəm türbə binası tikilmiş, lakin bu türbələrin kitabələri mənfur ermənilər tərəfindən qəsdən dağıdılmışdır. Zamanında burada mövcud olan bir müsəlman qəbiristanlığındakı tarixi abidələrdən də heç biri bu günümüzə qədər qalmayıb. Cəfərabad türbəsində vilayətin tanınmış iki əmiri olan Pir Hüseyn və onun atası Əmir Sədin adları həkk edilmişdir.

Zəngəzur mahalının Urud kəndindəki orta əsr qəbiristanlığında qalmış qoç şəkilli, sənduqə formalı məzar daşları üzərində professor Məşədixanım Nemətovanın 1961-1963-cü illərdə apardığı elmi tədqiqatlar, alimin epiqrafika elmində demək olar ki, 50 illik araşdırmalarının ən mühüm yeniliyi hesab edilir. M.Nemətovanın Urud qəbiristanlığındakı tədqiqatları nəticəsində daşlar üzərindəki ərəb qrafikasında həkk olunmuş kitabələrin, İslam dini ilə əlaqədar duaların və qədim türkdilli tayfaların dini ayinləri ilə əlaqədar onqonların sirli qalan məqamları üzə çıxarılmışdır. Alimin epiqrafika elmi sahəsindəki Urud kəşfləri xalqımıza qarşı torpaq iddiasında olan ermənilərə tutarlı cavab olmaqla Azərbaycanın tarixi ərazi bütövlüyünün müdafiə edilməsi prinsiplərini də əsaslandırmış və beləliklə, Cənubi Qafqazda yeni tarixi konsepsiyanın əsasını qoymuşdur. Zəngəzurun Urud qəbristanlığındakı miladi 1478-ci il tarixli bir məzar daşında ərəbcə “Allah, Məhəmməd, Əli, min evladi ağvan” (“ağvan” alban deməkdir M.N.) sözlərinin həkk edilməsi və bu tip kitabələrin XVII əsr sənduqələrində də təkrarlanması bu abidələrin Azərbaycan tarixşünaslıq elmində mühüm əhəmiyyətə malik olduğunu ortaya çıxarır. 1926-cı ildə elmə məlum olan Urud abidələrinin geniş tədqiqi ilə sübut olunmuşdur ki, bu məzar daşlarındakı epitafiyalar və təsvirlər vaxtilə Qafqaz Albaniyası ərazisi olan Sünikdə yaşamış ağvanların (albanların) müsəlmanlığı qəbul etməsinə dəlalət edir. Urud kitabələri üzərindəki epitafiyalar təhlil ediləndən sonra məlum olub ki, alban tayfaları İslam gələndə müsəlmanlığı qəbul edərək bugünkü Azərbaycan xalqının təşəkkül tapmasında iştirak etmişlər. 

Bir dəfə ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda alimlərlə birgə keçirilmiş iclasların birində professor M.Nemətova çıxış edərək Zəngəzurun Urud abidələri və bu qəbiristanlığın ermənilər tərəfindən vəhşicəsinə qəsdən dağıdılması haqqında həqiqətləri ölkə rəhbərinin diqqətinə çatdırmışdır. M.Nemətova qeyd etmişdir ki, Urud qəbiristanlığı tarixin böyük bir məsələsinin üstünü açıb. Belə ki, bütün tarixçilər İslamın Qafqaza gəlişinə qədər xaçpərəst olan alban tayfalarının erməniləşməsi və gürcüləşməsi haqqında yazırdılar. Akademik Ziya Bünyadov “Azərbaycan VII-IX əsrlərdə” adlı əsərində yazır ki, “...necə oldu Zəngəzur mahalında yaşayan tayfalar qriqoryan xaçını qəbul edib erməniləşdilər, gürcü xaçını qəbul edib gürcüləşdilər. Bəs bunların türkləşəni, İslamı qəbul edəni olmadımı?!” Urud məzarlarının tədqiqi də tarixin bu qaranlıq qalan səhifəsini üzə çıxardı. Məhz burada oğuz türk tayfalarına aid daşlar üzərindəki təsvirlər araşdırılmaqla bu suala cavab tapılmış oldu.

1990-cı ildə M.Nemətova erməni alimləri Akopyanı, Papazyanı, Arakelyanı, Xaçaturyanı susdurmuş, onların Urud qəbirlərinin ermənilərə aid olması haqqındakı iddiasının saxta olduğunu sübut etmişdir. Erməni alimi Akopyan sonralar M.Nemətovaya qarşı iddialarla çıxış etməyə başlamış və demişdir ki, “...xeyr siz səhv edirsiniz, Əmir Teymur Orta Asiyadan gələndə bu tayfalara zorla İslamı qəbul etdirib. Burada xəttatın səhvi var, xəttat savadsız olub və Məşədixanım da səhv oxuyub”. Daha sonra ermənilər traktorlarla qəbiristanlığı məhv etməyə başlayıblar. M.Nemətova Papazyana cavab məktubu yazaraq deyib ki, “...əgər Urud qəbiristanlığı erməni abidəsi idisə, bəs nəyə görə o qəbiristanlığı dağıtdınız, məhv etdiniz, viran qoydunuz?! Əgər siz o məzar daşlarının ermənilərə aid olduğunu sübut edə bilsəydiniz, bu gün də onu şüşənin içinə salıb əldən-ələ bütün dünyanı gəzdirərdiniz ki, baxın, bu, bizim tariximizdir. Çünki sübut edə bilmədiniz! Xəttat düz yazmışdı, Məşədixanım da düz oxumuşdu!”

Bütün bu qeyd olunanlar əlbəttə ki, Azərbaycanın tarixi, əzəli torpaqlarının epiqrafik abidələri haqqında yazılan az bir qismidir. Qarabağda və onun ətrafında yüzlərlə epiqrafik məzar daşları və onlar üzərindəki epitafiyalar öz varlığını qoruyub saxlamaqdadır. Qüdrətli Azərbaycan dövləti və onun şanlı ordusunun tarixi qələbələri ilə düşmən işğalından azad olunmuş o müqəddəs torpaqlarımızda yaxın gələcəkdə epiqrafik abidələr yenidən qeydə alınacaq və bu abidələrdə geniş miqyaslı elmi tədqiqatlar aparılacaq.

Anar AĞALARZADƏ, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.