www.science.az
18.05.2020 12:31

Professor Maisə Rəhimovanın 75 yaşı münasibətilə təbrik edirik!

Mayın 16-da tanınmış arxeoloq alim, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimovanın 75 yaşı tamam olub.

Maisə Nurbala qızı Rəhimova 16 may 1945-ci ildə Bakı şəhərində qulluqçu ailəsində doğulub. 1962-ci ildə Yasamal rayonu 18 nömrəli orta məktəbi bitirərək, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsinə daxil olub. 1967-ci ildə ali təhsili başa vurduqdan sonra Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmağa başlayıb, 1971-ci ildə bu müəssisənin aspiranturasını bitirib. 1974-cü ildə Moskva şəhərində SSRİ Elmlər Akademiyası Təbiətşünaslıq və Texnika İnstitutunda namizədlik dissertasiyasını müdafiə edib.

1973-1978-ci illərdə Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya Sektorunun Arxeoloji texnologiya laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışıb. 1978-ci ilin noyabr ayında Arxeologiya və Etnoqrafiya Sektorunun elmi katibi vəzifəsinə təyin olunub. 1984-cü ildə SSRİ AAK-nın qərarı ilə “elm və texnika” ixtisası üzrə ona “böyük elmi işçi” elmi adı verilib. 1993-cü ildə müstəqil Arxeologiya və Etnoqrafiya İnstitutu yaradıldıqdan sonra həmin qurumun elmi katibi, elmi işlər üzrə direktor müavini vəzifələrində işləyib. 2005-ci ildən Arxeologiya və Etnoqrafiya İnstitutunun direktorudur.

O, 2005-ci ildə “Eneolit və tunc dövrü Azərbaycan metallurgiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru alimlik dərəcəsini alıb. 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə təşkilatının (UNESCO) Bioetika, Elm və Texnologiyaların Etikası üzrə Azərbaycan Milli Komitəsinin üzvü seçilib. Alim Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi şurasının sədri, Tarix üzrə Problem Şurasının sədr müavinidir. Professor M.Rəhimova, həmçinin 2018-ci ildə yaradılmış AMEA Qadınlar Şurası Təşəbbüs Qrupunun üzvüdür.

Alim ABŞ, Rumıniya, Türkiyə, Almaniya, Pakistan, Macarıstan, Fransa, Rusiya və digər ölkələrdə beynəlxalq konfranslarda elmi məruzələrlə ölkəmizi təmsil edib. M.Rəhimovanın rəhbərliyi dövründə Arxeologiya və Etnoqrafiya İnstitutunda dünya standartlarına uyğun müasir texnologiyaların tətbiqi ilə arxeometrik tədqiqatları ehtiva edən arxeoloji və etnoqrafik araşdırmalar aparılmağa başlanıb. Bundan əlavə, Azərbaycan arxeologiyası və etnoqrafiyası üzrə tədqiqatlar beynəlxalq elmi mərkəzlərdə, beynəlxalq elmi dövrü informasiya sistemlərində tanınıb. Məhz bu dövrdə Azərbaycan arxeoloqları və etnoqraflarının iştirakı ilə beynəlxalq ekspedisiyaların fəaliyyəti vüsət alıb, Türkiyə, ABŞ, Fransa, Yaponiya, Almaniya, İtaliya, Çin, İngiltərə, İran, Rusiya, Qazaxıstan, Bolqarıstan və s. ölkələrin elmi mərkəzləri ilə əlaqələr yaradılıb. Eyni zamanda, institutun İçərişəhərdə yerləşən sərgi-muzeyi müasir dünya tələblərinə uyğun rekonstruksiya edilib. Professor M.Rəhimova gənc kadrların yetişdirilməsini də daim diqqət mərkəzində saxlayır.

Hazırda onun rəhbərliyi altında Azərbaycanın Qarabağ bölgəsinin arxeoloji və etnoqrafik irsinin tədqiqi üzrə dövrün tələblərinə uyğun tədqiqatlar aparılır. Həmçinin Azərbaycan həqiqətlərinin dünyada tanıdılması institutun strateji fəaliyyət istiqamətlərindən biridir. Bu sıradan Quba soyqırımı məzarlığının tədqiqi xüsusi olaraq göstərilə bilər.

Arxeoloq alimi 75 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona möhkəm can sağlığı və elmimizin inkişafı yolunda nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.