www.science.az
25.11.2019 10:07

Xocalı-Gədəbəy mədəniyyətinin arxeoloji tədqiqinə həsr edilmiş monoqrafiya çapdan çıxıb

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Nəcəf Müseyiblinin və institutun aparıcı elmi işçisi,  tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfovun müəllifi olduqları “Zəyəmçay nekropolu” adlı monoqrafiya üç dildə (Azərbaycan, ingilis və rus) çapdan çıxıb.

Kitabda Şəmkir rayonu ərazisindəki Son Tunc-İlk Dəmir dövrü (e.ə. II minilliyin ikinci yarısı-I minilliyin əvvəli) Xocalı-Gədəbəy mədəniyyətinə aid Zəyəmçay nekropolunda aparılan arxeoloji qazıntıların nəticələrindən bəhs olunur.

Nəşrdə qeyd edilir ki, 2003-cü ildən Zəyəmçay nekropolunda aparılan qazıntılar zamanı Son Tunc-İlk Dəmir dövrünün Xocalı-Gədəbəy mədəniyyətinə aid zəngin, maraqlı artefaktlar aşkar edilib, dəfn adətləri izlənilib. Nekropolda üç qəbir tipinə - kurqan, torpaq və daş örtüklü qəbirlər rast gəlinib. Əldə edilmiş tapıntılar müxtəlif parametrlər üzrə təsnif edilib. Əsərdə Zəyəmçay nekroplundan tapılmış maddi mədəniyyət nümunələrinin statistikası, geniş və təfsilatlı qrafik və foto təsvirləri təqdim olunub.

İlk dəfə olaraq Son Tunc - İlk Dəmir dövrü Xocalı-Gədəbəy mədəniyyəti üçün çoxsaylı radiokarbon tarixlənmə analizlərinin seriyası məhz “Zəyəmçay nekropolu” kitabında əksini tapıb.   

Monoqrafiya arxeoloqlar, etnoqraflar, antropoloqlar, Tarix fakültəsinin tələbələri və müəllimləri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.