www.science.az
25.11.2019 09:16

“Azərbaycan tibb tarixinin qaynaqları və tarixşünaslığı” adlı monoqrafiya nəşr olunub

AMEA Elm Tarixi İnstitutunun ərsəyə gətirdiyi “Azərbaycan tibb tarixinin qaynaqları və tarixşünaslığı” monoqrafiyası nəşr olunub.

Monoqrafiyanın müəllifləri Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, dosent Məryəm Seyidbəyli, həmin institutun əməkdaşları tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev və Solmaz Namazovadır. Nəşrin elmi redaktoru AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundovadır.

Azərbaycan elm tarixində bir ilk olan monoqrafiyada qədim dövrdən müasir dövrədək Azərbaycanın tibb tarixinin bütün məqamlarına aid qaynaqlar və tarixşünaslıq araşdırılıb. Əsər iki bölümdən ibarətdir. Birinci bölüm qaynaqlar haqqında məlumatlar, qaynaqların təsnifatı və onların müəllifləri haqqındadır. Xronoloji ardıcıllığın qorunduğu ikinci bölüm isə tibbin tarixşünaslığına həsr olunub.

Kitab hazırlanarkən əlyazmalar, müxtəlif dilli qaynaqlar və müasir tədqiqatlardan kompleks şəkildə istifadə edilib.

Monoqrafiya tələbə, magistr, doktorant, tarixçi mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.