www.science.az
22.11.2019 10:14

"Nəsiminin fəlsəfəsi və ümumbəşəri dəyərlər" kitabı işıq üzü görüb

AMEA-nın Fəlsəfə İnstitutu tərəfindən "Nəsiminin fəlsəfəsi və ümumbəşəri dəyərlər" kitabı çap olunub.

"Elm və təhsil" nəşriyyatında işıq üzü görən kitabın "Ön söz"ünün müəllifi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktorları isə AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, professor İlham Məmmədzadə və tarix elmləri doktoru Eynulla Mədətlidir.

Vəsaitdə qeyd olunur ki, Prezident İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin "Nəsimi ili" elan edilməsi barədə sərəncamları böyük şairin və filosofun ədəbi-fəlsəfi irsinin həm ölkəmizdə, həm də xaricdə daha dərindən öyrənilməsinə və tanıdılmasına yeni imkanlar yaradır.

Əsərdə Fəlsəfə İnstitutunun əməkdaşlarının, eləcə də ölkəmizin və bir sıra xarici tədqiqatçıların Nəsiminin fəlsəfi irsinin müxtəlif çalarlarını və xarakterik cəhətlərini tədqiq edən məqalələri yer alıb.

Təqdim edilən kitab monoqrafik toplu olaraq ölkəmizdə Nəsimişünaslıq sahəsində çoxsahəli tədqiqatlara daha bir töhfədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.