www.science.az
15.10.2019 10:26

“Nizaminin türklüyü və türklüyə münasibəti Azərbaycan nizamişünaslığında” kitabının təqdimatı olub

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadənin “Nizaminin türklüyü və türklüyə münasibəti Azərbaycan nizamişünaslığında” kitabının təqdimat mərasimi keçirilib.

Tədbir Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının 7-ci Bakı Zirvə görüşü münasibətilə təşkil edilən “Türk dünyası həftəsi” çərçivəsində gerçəkləşib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov yeni nəşrlə bağlı fikirlərini bölüşüb. Azərbaycanlı elm adamlarının türk dünyasının mədəniyyətinə, ədəbiyyatına böyük töhfələr verdiyini deyən K.Tahirov bildirib ki, türk dünyasının böyük oğlu Nizami yaradıcılığına həsr edilmiş “Nizaminin türklüyü və türklüyə münasibəti Azərbaycan nizamişünaslığında” kitabı nizamişünaslar üçün dəyərli mənbədir.

Monoqrafiyanın Azərbaycan ədəbiyyatşünaslığında əhəmiyyətini xüsusi qeyd edən Milli Kitabxananın direktoru müəllifə yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

Sonra Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov çıxış edərək kitabın Nizami Gəncəvinin türklüyünü şübhə altına alan, onun milliyyətcə fars olması ilə bağlı təbliğat aparan əcnəbi alimlərə tutarlı cavab olduğunu söyləyib.

Daha sonra kitabın baş elmi məsləhətçisi və “Ön söz”ün müəllifi - Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Nüşabə Araslı çıxış edib. O, Avropa nizamişünaslarından fərqli olaraq, Azərbaycan nizamişünaslarının Nizaminin öz əsərlərində gizli şəkildə bəyan etdiyi fikirləri çözməklə tədqiqat apardıqlarını bildirib.

Vurğulanıb ki, Ə.Cəfərzadənin bu araşdırması Azərbaycan nizamişünaslığını demək olar, bütün mərhələlərində məşğul edən və aktuallığını itirməyən problemə həsr edilib. Kitabda şairin öz soy kökünə olan dərin rəğbəti və Azərbaycan alimlərinin tədqiqatlarındakı əksinin öyrənilməsi sistemli şəkildə, xronoloji ardıcıllıqla təqdim edilir.

Nizaminin milli mənsubiyyətinin türk olması ilə bağlı nitq söyləyən Gəncə Bölməsinin Nizamişünaslıq Mərkəzinin rəhbəri, Gəncə Dövlət Universitetinin professoru Xəlil Yusifov Nizaminin elmi şərhinin ədəbiyyatşünaslıqda yer almasının zəruriliyini qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar FəhmiFolklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, nizamişünas alim, professor Seyfəddin Rzasoy, Bakı Dövlət Universitetinin Türk xalqları ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru Ramiz Əskər, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru, filologiya üzrə elmlər doktoru Lalə Əlizadə, kitabın elmi redaktoru, Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, dosent Əkrəm Bağırov və başqaları qeyd ediblər ki, monoqrafiyada XIX-XX əsrlərdə yaşamış Azərbaycan tədqiqatçılarının, eləcə də müasir dövr Azərbaycan alimlərinin tədqiqatlarında dahi Nizaminin milli mənsubiyyət etibarilə türk olması, şairin öz əsərlərində türklüyə xüsusi rəğbəti araşdırılıb. Azərbaycan nizamişünaslığını xronoloji ardıcıllıqla təqdim edən Əzizağa Nəcəfzadə mövcud araşdırmalar üzərində təhlillər aparıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.