www.science.az
07.10.2019 10:01

Ədəbiyyat İnstitutunda xarici yazarlarla görüş keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Oman Mədəniyyət Assosiasiyasının prezidenti Dr. Aişə Əd Dərməki, Serbiya Yazıçılar Birliyinin fəxri sədri Radomir Andriç, Moldova Pen Təşkilatının sədri Leo Butnaru və Slovakiya şairi Valeri Kupka ilə görüş keçirilib.

Əvvəlcə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli Bakıda keçirilən “LiFFt 2019” IV Avrasiya ədəbi festivallar festivalından bəhs edib. Qeyd edib ki, bu festival ədəbiyyatın dünyada inkişafına böyük təkan verəcək, Avrasiya ölkələrində yazıçıların dostluq əlaqələrini möhkəmləndirəcək.

Akademik, həmçinin rəhbərlik etdiyi müəssisənin şöbələri və aparılan tədqiqat istiqamətləri barədə məlumat verib, institutda çap olunan xarici ədəbi nəşrlərdən danışıb.

“Dünya Ədəbiyyatı” dərgisinin baş redaktoru, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu isə ilk dəfə olaraq 50-yə yaxın omanlı müəllifi əhatə edən “Oman ədəbiyyatı”nın xüsusi sayını çap etdiklərini, iki ölkənin alimlərinin iştirakı ilə məqalələrin nəşrinin nəzərdə tutulduğunu söyləyib.

Daha sonra institutun şöbə müdiri, professor Gülər Abdullabəyova, qonaqlar Aişə Əd Dərməki, Radomir Andriç, Leo Butnaru, Valeri Kupka və digərləri çıxış edərək görüşün əhəmiyyətindən danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.