www.science.az
16.08.2019 09:51

“Adı və dadı ilə tanınan Naxçıvan göycəsi” adlı monoqrafiya işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun elmi işçisi, aqrar elmlər doktoru Varis Quliyevin “Adı və dadı ilə tanınan Naxçıvan göycəsi” adlı monoqrafiyası işıq üzü görüb.

Nəfis tərtibatda çap edilən mono­qrafiyada Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin inkişaf tarixindən, müasir vəziyyətindən, bu sahəyə göstərilən dövlət dəstəyindən bəhs olunur.

Elmi əsərdə ənənəvi olaraq hər il Naxçıvanda keçirilən göycə festivallarının əhəmiyyəti vurğulanıb, Naxçıvan göycəsi sortunun pomoloji təsviri, aqrobioloji xüsusiyyətləri, təbii variasiyaları, seleksiya yolu ilə alınan yeni formaları, becərilmə aqrotexnikası və çoxaldılma üsulları oxucuların diqqətinə çatdırılıb.

Yeni nəşrdə alça növünün biomüxtəlifliyi, göycə meyvələrindən hazır­lanan müxtəlif çeşidli qida məhsulları haqqında elmi məlumatlara da geniş yer verilib. Həmçinin Naxçıvan göycəsinin genetik xüsusiyyətlərinə dair aparılan elmi araşdırmalar, əldə olunmuş nəticələr və əməli təkliflər qeyd edilib, sortun iqtisadi səmərəliliyi müəyyənləşdirilib.

Monoqrafiya aqronomlar, kənd təsərrüfatı mütəxəssisləri, fermerlər, həmçinin tələbə və magistrantlar üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.